Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2015/2026 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızını sədrliyi ilə, Rəcəbova Natavan Elnur qızının katibliyi ilə, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1 və 329-cu maddələri ilə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETTİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 05 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 fevral 2026-cı il tarixdə, saat 23:10 radələrində “Kia K 2700 yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış şəxs tibbi müayinədən imtina etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan X2 ifadəsində bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 23:00 radələrində Məhəmmədli yolunda idarə etdiyi avtomobil YPX əməkdaşları tərəfindən saxlanılmış, ona yaxınlaşaraq təhlükəsizlik kəmərini taxıb-taxmadığı soruşulmuş, lakin kəmər taxıldığı üçün avtomobilin yük yerinə baxılmışdır; sonradan narkotik vasitə istifadə edib-etməməsi soruşulmuş, o isə istifadəçi olmadığını bildirmişdir. Buna baxmayaraq, YPX əməkdaşları şübhə yarandığını əsas gətirərək onu narkoloji müayinə üçün həkim müayinəsinə aparacaqlarını bildirmiş, polis əməkdaşları israrla müayinəyə getməsini tələb etmiş, narkoman olduğunu iddia etmiş və sidik nümunəsi vermədiyi təqdirdə “butulkaya işədəcəklərini” demişlər ki, bu X1 xoş gəlməmişdir; nəticədə o, tibbi müayinə və sidik analizindən imtina etmiş, qanından götürülməsini xahiş etmişdir. Daha sonra 102 çağrı mərkəzinə zəng edərək polis əməkdaşlarının hərəkətlərindən şikayət etmiş, ona sidik analizi verməli olduğu izah olunmuş, həmin müəssisəyə yenidən yaxınlaşmış, lakin növbəti gün gəlməsi bildirilmişdir. Nəticədə, xx.xx.2026-cı il tarixdə analiz vermiş və nəticəsi təmiz çıxmışdır. Polis əməkdaşlarının bu hərəkətlərini düzgün hesab etmədiyini bildirən X2, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə barəsində protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixində saat 23:10-da “Kia K 2700 yük” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlıə nəqliyyat vasitəsini idarə edən xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş hazırda ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən 329.1, 343-1.1 halına (hallarına) yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 05 fevral 2026-cı il tarixli, 1\171 saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir. 07 fevral 2026-cı il tarixli, 1\330 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Şəxs müayinə nəticəsində hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. 05 fevral 2026-cı il tarixli, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi aktından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə avtomobili qəbul etmişdir. Şəxs Polisi Şöbəsində verdiyi izahatdan görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edərək əsəbi olduğundan tibbi müayinədən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarından göründüyü kimi Şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəyə aparılmış, lakin sonuncu tibbi müayinədən imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktı ilə də sübuta yetirilmişdir. Şəxs sonradan tibbi müayinədən keçməsi inzibati məsuliyyəti aradan qaldıran hal deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.1-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş zibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olğundan material Şəxs AR İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-2015/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2015/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver