Məhkəmə qərarları › İş №3(5-101)-2407/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2407/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2407/2026 27.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi Tağımı yol patrul xidməti baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, Ataxal kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan- Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş X5 İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə ümumi istifadədə olan avtobusla Sabunçu rayonu Zabrat şossesində hərəkətdə olarkən müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilmiş, nəticədə onun narkotik maddədən istifadə nəticəsində sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi Tağımı yol patrul xidməti baş inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, 27 fevral 2026-cı il tarixdə saat 11:57 radələrində xidmətdə olarkən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə edən Şəxs özünü şübhəli aparmasını, hərəkətlərinin adekvat olmamasını görüb idarə etdiyi avtomobili saxlatdırmış, sürücünün danışığında və digər hərəkətlərində narkotik təsiri altında olmasından şübhələnərək onu idarəetmədən kənarlaşdırıb narkoloji müayinəyə aparmışdır. Sürücünün tibbi müayinədən keçmədiyi müəyyən edilmişdir. Şəxs Respublika Narkoloji Mərkəzdə aparılmış müayinə zamanı vətəndaşın narkotik sərxoşluğu vəziyyətində olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də sürücü işləyir və şəhərdaxili ümumi istifadədə olan avtobusu istifadə edir. Həmin günü 118 saylı marşurutu Zabrat qəsəbəsindən Koroğlu metro stansiyası istiqamətində idarə edirdi. Onu YPXnin əməkdaşları saxlayaraq müayindən keçməsi barədə sənədləri tələb etmiş, o da səmimi olaraq metamfetamindən istifadə etdiyini etiraf etmişdir. Səhv etdiyini qəbul edir, dörd gün bundan qabaq istifadə etmişdir. O, içki içən deyil, polis əməkdaşları onu saxlayarkən psixotrop maddə qəbul etməsini etiraf etmişdir. Yeganə qazanc yeri sürücü kimi işlədiyi müəssisədir. Barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, 4 gün qabaq metamfetamin qəbul etmişdir. Həmin avtobusda 20 nəfərdən çox sərnişin olmuşdur. Etdiyi əməli və sərnişinləri təhlükəli vəziyyətə salmasını dərk edir və buna görə də peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X5 İdarəsidnən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Sabunçu rayonu Zabrat şosesində hərəkətdə olarkən müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilmiş, nəticədə onun narkotik maddədən istifadə nəticəsində sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə protokol tərtib edilmişdir; "xxxx" MMC-nə məxsus 118B marşurutu üzrə xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixdək olan 140 nömrəli yol vərəqəsindən görünür ki, İbrahimov nara İbrahim oğlunun həmin ay üzrə tibbi baxışdan keçmədiyi müəyyən olunur; Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2026-cı il tarixli 1/360 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs MET+, yəni psixotrop maddə metamfetaminin təsirindən yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333-1.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın bütün obyektiv və subyektiv əlamətlərini tam ehtiva edir. Belə ki, o, ümumi istifadədə olan nəqliyyat vasitəsini (şəhərdaxili avtobusu) idarə etmək hüququ olan şəxs olaraq, sərnişin daşıyarkən narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Bu hərəkət, təkcə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 6-cı bəndinin kobud şəkildə pozulması deyil, həm də sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün xüsusilə yüksək təhlükə mənbəyi yaratmışdır. İXM-nin 9.1-ci maddəsinə uyğun olaraq, tətbiq edilən tənbeh törədilən xətanın xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. İXM-nin 333-1.4-cü maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tənbeh tədbiriləri nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs törətdiyi əməlin ictimai təhlükəliliyinin yüksək dərəcəsini, onun peşə fəaliyyəti ilə bağlı olaraq sərnişinlərin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıdığı halda bu məsuliyyəti kobud şəkildə pozmasını nəzərə alaraq onun barəsində İXM-nin 333-1.4-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbehin tətbiqini zəruri və ədalətli hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini(İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 01(bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar