Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2416/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 18 fevral 2026-cı il tarixli EQ seriaylı 34028720 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-i tərəfindən X3 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə (nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında 2-ci və ya sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) 18 fevral 2026-ci il tarixli EQ 34028720 saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir.Qərara əsasən mən 80 (səksən) manat məbləğində inzibati tənbeh qaydasında cərimə olunmaqla yanaşı törədilmiş xəta 2 cərimə balı ilə qiymətləndirilmişdir. Hesab edir ki, BDYPİ-i tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Qeyd edir ki, O, X3 özünə məxsus olan Mitsubishi markalı ** CZ *** dövlət nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkətdə olan zaman “Metropark “ticarət mərkəzinin qarşısında ondan öndəki avtomobilin dayanması və hərəkətin sıxlığı səbəbindən məcburi dayanmalı olmuşdur. Bu zaman onun avtomobilindəki sərnişin ani olaraq avtomobildən düşmüşdür. Onun orada məcburi dayanmağı BDYPİ-i tərəfindən nəzərə alınmamış və Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə elektron qərar qəbul edilmişdir. Barəsində BDYPİ-i tərəfindən qanunsuz və əsassız olaraq AR İXM-nin 346.4-cü maddəsi ilə qəbul olunmuş xx.xx.2026-cı il tarixli EQ 34028720 saylı elektron qərarın ləğv olunması və bu qərar əsasında ona tətbiq edilmiş 80 (səksən) manat məbləğində cərimənin və 2 cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qarşısındakı avtomobil dayandığı və taxac səbəbindən hərəkət etmədiyi üçün məcburi dayanmış, avtomobilindəki sərnişin olan qızı ani olaraq avtomobildən düşməli olmuş və o düşdükdən sonra da qarşısındakı avtomobilin sol tərəfindən dönərək avtomobili qarşıda saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 18 fevral 2026-cı il tarixdə saat 14:07-də Təbriz küçəsi ünvanında “MİTSUBİSHİ L200 minik” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X3 tərəfindən “MİTSUBİSHİ L200 minik” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı inzibati tənbeh vermə haqqında qərarda X2 18 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X3 tərəfindən “MİTSUBİSHİ L200 minik” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və fotoşəkillərə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. X3 məhkəmə iclasında məcburi dayandığını göstərsə də, məhkəmə onun bu izahatının özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Halbuki, məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdə hər hansı məcburi dayanma halı müəyyən edilməmişdir. Belə ki, fotoşəkillərdən birində “MİTSUBİSHİ L200 minik” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qapısının açılaraq sərnişinin düşməsi müşahidə olunmuş, digər fotoşəkildə sözügedən avtomobilin qarşısındakı avtomobilin sol tərəfindən hərəkət edərək getdiyi müşahidə olunur ki, bu da onu göstərir ki, qarşıdakı nəqliyyat vasitəsinin dayanması avtomobilin hərəkətinə maneə yaratmamış, onu təhlükəsiz ötüb keçmə halı mümkün olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2026-cı il tarixli, EQ seriaylı 34028720 saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2416/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2416/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver