Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2625/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Qara-zadə Həqiqət Akif qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də şəbəkə administratoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs hər ay hər 440 manat alimentin tutulub X3 ödənilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-5490/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin 2(008)-5490/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək hər ay 440 manat sabit pul məbləğində aliment Qara-zadə Həqiqət Akif qızına ödənilməsi qət edilmişdir. Bu günə 9860 manat məbləğində aliment borcu vardır. Məhkəmə qərarı icraya yönəldikdən sonra borclu çağırılıb izahatı alınıb, borcu ödəməsi təklif olunmuşdur. Həmin vaxt 2024-cü ilin sentyabr ayında cəmi 1000 manat ödəniş etmişdir. Tələbkar ilə aralarındakı razılığa əsasən hər ay 600 manat ödəniş edilməsinə söz vermişdir. 8 ay ödəniş etdikdən sonra heç bir ödəniş etməmişdir. Çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan olunmuşdur. Bu gün icra şöbəsinə təmin edilmişdir. Ödəniş etməməsini də işləməməsi ilə əlaqələndirmişdir. Məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qara-zadə Həqiqət Akif qızı bildirmişdir ki, borclu alimenti icra etmədiyi üçün o, şiakyət etmişdir. Bundan sonra 1000 manat ödəniş etmişdir. Borcu ilə hər ay 600 manat ödəniş edilməsinə dair razılığa gəlmişlər. 8 ay ödəniş etsə də, sonra heç bir ödəniş etməmiş, maddi imkanının olmadığını bildirmiş, uşaqları ilə görüşmür, mənəvi olaraq da uşaqlarına dəstək olmur. 2 ayda bir dəfə uşağı ilə görüşüb, bu isə uşaqlara pis təsir. Ondan niyə atalarının onlarla görüşmədiyini soruşurlar. O, özü işləsə də uşaqların tələbatlarını qarşılamaqda çətinlik çəkir. Uşağın biri autizim xəstəliyindən əziyyət çəkir, ona görə həmin uşağı özəl məktəbdə oxutmalı olmuşdur. Çünki dövlət məktəbində uşağın davranışlarına görə onu məsxərəyə salmışlar, onu təcrid etmişlər. Eyni zamanda uşağı pisoloq müalicəsinə cəlb etmişdir. Bütün bunları həyata keçirməkdə borclu heç bir dəstək göstərmir. Hər ay 600 manat ödənilməsi ilə bağlı razılığa gəlsələr də, borclu bir çox ayları 300 manat ödəniş etmişdir. Buna da razı olmuşdur. Lakin 2025-ci ilin iyun ayından borclu heç bir ödəniş etmir, soruşduqda isə işləməməsini bəhanə gətirir. Tək qadın olaraq uşaqların həm maddi, həm mənəvi qayğıları onun üzərindədir. Heç olmasa ata olaraq uşağın maddi tələbatlarına köməklik etsin. O, uşaqlarının haqqını tələb edir, ondan artıq heçnə tələb etmir. Hər ay davamlı şəkildə alimentin ödənilməsini tələb edir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, təxminən 10 gün olar ki, işə başlamışdır. Həmin vaxta kimi işləməmişdir. Ona görə alimenti ödəməmişdir. Bir neçə yerə iş təklifi göndərsə də, onun İT sahəsi üzrə ali təhsili olmadığı üçün qəbul etməmişlər. Digər iş yerlərinin isə əmək haqqı aşağı olmuşdur. O, hesab edir ki, onun biliklərinə və əməyinə görə təklif edilən məbləğ çox aşağıdır. Ona görə həmin işlərdə çalışmamışdır. Hazırda işlədiyi işdə isə 1200 manata yaxın əmək haqqı alır. Onun uşaqları ilə bağlı xəyalları var, onlara təminatlı həyat vermək istəyir, daha yaxşı yerlərdə işləyib, yüksək qazanc əldə edəcəyinə inanır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-5490/2023 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş Qara-zadə Yüsra Emin qızı və xx.xx.2021-ci il tarixdə doğulmuş Qara-zadə Hilal Emin oğlunun yetkinlik yaşına çatanadək saxlanması xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Qara-zadə Həqiqət Akif qızına ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5490/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, tərəflərin izahatları, digər sübutlar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə əmək qabiliyyətli şəxs olan borclunun işləməməsinə dair mövqeyinə tənqidi yanaşaraq məhkəmə qərarının icra olunmamasına əsas verəcək üzrlü səbəb kimi qəbul etmir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədləri üzrə olan borcunu ödəməkdən üzrlü səbəb olmadan yayındığını nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, H Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X5 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-2625/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2625/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver