Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-274/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi ** FG *** dövlət qeydiyyat nişanlı “Mercedes Sprinter” markalı avtomobil xx.xx.2026-cı il tarixində saat 15:00 radələrində Bakı-Quba yolu istiqamətinin Saray postunda saxlanılmışdır. Avtomobilə yalnız BDYPİ-nin Axtarış Şöbəsi tərəfindən qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı məhdudiyyət tətbiq edilmişdir. Həmin avtomobil nə həbsdə olmuş, nə axtarışa verilmiş, nə də idarə olunması qadağan edilmiş nəqliyyat vasitəsi hesab olunmuşdur. Buna baxmayaraq, avtomobil postda əsassız olaraq saxlanılmış, faktiki hərəkət azadlığı 3 (üç) saatdan artıq müddətdə məhdudlaşdırılmışdır. Həmin avtomobil səlahiyyətsiz olaraq rəsmi olmayan yaxınlıqda yerləşən təmir sexinə aparılaraq mühərrikə baxış keçirilmiş, heç bir yazılı qərar təqdim edilmədən cərimə meydançasına yerləşdirilmişdir. Sonradan avtomobil ona qaytarılmışdır. Lakin bundan sonra, ona heç bir məlumat verilmədən xidmət aparan polis əməkdaşı Anar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Tərəf həmin protokolu SMS bildiriş vasitəsilə xx.xx.2026cı il tarixdə saat 19:12-də almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün barəsində 50 (əlli) manat məbləğində cərimənin tətbiq edilməsi qərara alınmışdır. Ondan dərhal cərimənin ödənilməsi tələb edilmiş, o, endirim tətbiq olunmaqla 45 (qırx beş) manat məbləğində ödəniş həyata keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarı əsassız və qanunsuz protokol tərtib edilməklə qəbul edilmişdir. Qeyd olunan qərardan şikayət etmək üçün İXM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş müddət onun tərəfindən ötürülməmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, BDYPİ-nin polis əməkdaşı tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və--ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə-fıziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bakı şəhəri X4 İdarəsinin polis əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi, ödənilmiş 45 (qırx beş) manat məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində nəqliyyat vasitəsinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi şəxsə inzibati məsuliyyətə cəlb edilməklə bağlı ən əsas hüquqi qorumanı verir – təqsirsizlik prezumpsiyasını. Bu maddəyə görə, şəxsin öz təqsirsizliyini sübut etmək öhdəliyi yoxdur, əksinə təqsirlilik sübut edilməlidir. Bu prinsip həm Konstitusiya (məsələn, 63-cü maddə – şəxsin hüquq və azadlıqlarının toxunulmazlığı), həm də beynəlxalq hüquq (AİHM-in 6-cı maddəsi) ilə təsdiqlənir. Təqsirsizlik prezumpsiyası hüquqi təhlükəsizliyi və insan ləyaqətini qoruyur, şəxsə özünü müdafiə hüququnu təmin edir. İnzibati proses, məhkəmənin inzibati xətalar üzrə işləri araşdırması və həlli üsullarını tənzimləyir. Burada hüquq normaları həm inzibati hüquq, həm də prosesual hüquq qaydalarına əsaslanır. Sübutetmə yükü – bir tərəfin iddiasını və ya faktiki halları məhkəmə qarşısında təsdiq etmək öhdəliyidir. İXM-in 8-ci maddəsi və ümumi hüquq prinsiplərinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Buna görə də, sübutetmə yükü inzibati protokol tərtib edən orqanın üzərindədir. Yol Polisi idarəsi konkret inzibati xətanın mövcudluğunu sübut etməli, yəni protokolda əks olunmuş faktları etibarlı dəlillərlə təsdiq etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci və 61-ci maddələrinə, həmçinin Konstitusiya prinsiplərinə, beynəlxalq hüquq normalarına və məhkəmə təcrübəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsə qarşı irəli sürülən ittihamların sübut edilməsi dövlət orqanının öhdəliyidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 barəsində nəqliyyat vasitəsinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin nəqliyyat vasitəsinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verilməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunması dəfələrlə tələb edilsə də, təqdim olunmamışdır. Bakı Şəhər X4 İdarəsinin nümayəndəsinin məhkəmədə iştirakının təmin edilməməsi və sübut təqdim edilməməsi, şəxsə qarşı təqsirin sübut olunmaması deməkdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin hüquqlarının tam qorunması üçün dövlət orqanları sübutetmə yükünü tam şəkildə yerinə yetirməli, məhkəmə isə sübutlara əsaslanan ədalətli və qanuni qərar qəbul etməlidir. Yol Polisi orqanının məhkəmədə iştirak etməməsi və sübut təqdim etməməsi inzibati xətanın mövcudluğunu təsdiq etməyə imkan vermir. Bu səbəbdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X4 İdarəsinin TP seriyalı, ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-274/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-274/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver