Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2876/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi 9 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında xadimə işləyən, Lənkəran rayonu, Nüvədi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi 364, dəngə 4, ev 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə cavabdeh Şəxs X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydər İbrahimov küçəsi, döngə 4, ev 3 (yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi 364) ünvanından çıxarılmasına dair məhkəmə qətnaməsini icra etməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə cavabdeh Şəxs X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydər İbrahimov küçəsi, döngə 4, ev 3 (yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi 364) ünvanından çıxarılması qət edilmişdir. İcra sənədi şöbənin sabiq icra məmuru Vüqar Alıyev tərəfindən xx.xx.2025ci il tarixdə icraata qəbul edilmiş, tələbin könüllü icrasına dair borcluya bildiriş təqdim edilmiş və 10 gün müddətdə könüllü icra olunması bildirilmişdir. Sonra icra sənədi onun icraatına keçmişdir. Borclunun məhkəməyə yeni tələblə müraciət etməsi ilə əlaqədar icra sənədi üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraat təzələnmişdir. Bundan sonra borcluya dəfələrlə bildiriş göndərilərək təyin olunmuş vaxtda icra sənədinin icrasının təmin olunması bildirilsə də, borclu icra sənədinin icrasından yayınmışdır. Daha sonra xx.xx.2026-cı il tarixdə borclunun iştirakı ilə akt tərtib olunmuşdur, sonuncu əşyaları çox olduğu üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin bu günə kimi məhkəmə qərarını icra etmir. Yenidən məhkəməyə müraciət etməsi ilə əlaqədar bir dəfə icra sənədi üzrə icraat dayandırılmış, sonra isə iddia tələbi baxılmamış saxlanıldığı üçün icra sənədi üzrə icraat təzələnmişdir. Sonra yenə məhkəməyə iddia tələbi ilə müraciət etsələr də icraatı dayandırmamışdır. Hesab edir ki, bu artıq süründürməçiliyə səbəb olur. İki dənə icraatın təzələnməsi qərarının olması onunla bağlıdır ki, birinci qərar dekabr ayında qəbul edilsə də həmin vaxt elektron sistem işləmədiyi üçün qərarı sistemə yerləşdirə bilməmişlər. Həmin qərarı xx.xx.2026-cı il tarixdə elektron sistemə yerləşdirə bilmişlər. Sadəcə qərarın tarixi yanlış olaraq xx.xx.2026-cı il qeyd edilmişdir. Hesab edir ki, borclunun hazırda məhkəmədə baxılan iddia tələbinə baxılıb borclunun xeyrinə qərar qəbul edilərsə o zaman həmin iş üzrə verilən icra sənədini icra edərlər. Hazırki iş üzrə borclunun mənzildən çıxarılmasına dair icra sənədi şöbənin icraatındadır və icra olunmalıdır, lakin borclu məhkəmə qərarını icra etməməklə onun icrasından üzrsüz səbəbdən yayınır. Göstərilənlərə əsasən borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edir və borclu barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 bildirmişdir ki, artıq 5-ci məhkəmə prosesidir ki, o iştirak edir. Borclu gah apellyasiya şikayəti verir, gah yeni tələblə məhkəməyə müraciət edir. Hazırda mübahisəli olan ev onun qaynatasının adına olmuşdur. O, da 1988-ci ildə rəhmətə getmişdir. Sonra 2009-cu ildə borclunun əri Rusiyadan gəlmiş, 2010-cu ildə Ceyranla ailə həyatı qurmuş, həmin evin açarlarını o, onlara vermişdir ki, o evdə yaşasınlar. Sonra borclunun əri 2020-ci ildə rəhmətə getmişdir. Bundan sonra o, bir dəfə həyat yoldaşının sosialı ilə bağlı Ceyrandan xahiş etmişdir ki, evə gəlib baxmalarına şərait yaratsın, Ceyran əvvəl razılaşsa da, sonra vəkillər danışacağını bildirmiş və ona şərait yaratmamışdır. Bundan sonra onlar mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər və iddia tələbləri təmin olunmuşdur. O, borcluya həyətdə qarajda ona yaşamaq üçün ev düzəldilməsini də təklf etmişdir. Borclu əvvəl razılaşır, sonra başqa fikirlər deyir. Borcluya icradan ünvanlanan bildirişləri qəbul etsə də, evdən çıxmır. Həmin evi hələ borclu orada yaşamamışdır, qaynatası onun uşaqlarına vermişdir. Məhkəmədən qanuna uyğun qərarlar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, mübahisəli evdə o, 2010-cu ildə rəhmətlik həyat yoldaşı ilə nikaha daxil olaraq yaşamağa başlamışdır. Həmin vaxt ev heç kimin mülkiyyətində olmamış, qaynatası isə çoxdan rəhmətə getmişdir. 2020-ci ildə onun həyat yoldaşı rəhmətə getmişdir. Bundan sonra da o, evdə yaşamağa davam etmişdir. Sonra qaynı gedib həmin evə necəsə mülkiyyət əldə edib və sonra onun evdən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət edib və iddianın təmin olunmasına dair qətnamə qəbul olunub. Necə olur ki, tələbkarın həyat yoldaşının həmin evdə payı olur, onun həyat yoldaşının isə yoxdur. Onun istədiyi yalnız 1 otaqdır. Ona görə də məhkəməyə müraciət edib öz payını tələb etmişdir. Onun gedəcək, yaşayacaq başqa evi yoxdur. Məhkəmədə işinə baxılsın, onun nəticəsinə uyğun olaraq əgər ziyanına olsa o, həmin evdən çıxacaqdır. Eyni zamanda o, heç bir poçt məktubunu almamış, oradakı imzalar ona məxsus deyil, yalnız bir dəfə icra məmuru onun işlədiyi yerə gələrək verdiyi sənədləri oxumadan imzalamışdır. Bir dəfə işdən gələndə həyətdə zərf tapmışdır. Poçtalyon həyətə atıb getmişdir, o da məhkəmə qərarı olmuşdur. Onun getməyə başqa yeri yoxdur, istədiyi yalnız 1 otaqdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi 9 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, borclu hazırda mübahisə predmeti olan evə münasibətdə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Həmin iddia tələbi icraata qəbul edilmiş və məhkəmə iclası təyin edilmişdir. Bundan öncə bir dəfə də iddia tələbi ilə məhkəməyə müraciət olunub. Bu barədə icra məmuruna məlumat verilmiş və icra sənədi üzrə icraat dayandırılmışdır. Lakin sonra məhkəmənin təyin etdiyi iclas gününə başqa məhkəmə iclası ilə üst-üstə düşdüyü üçün gedə bilməmiş və məhkəmə tərəfindən iddia tələbi baxılmamış saxlanılmışdır. Bunu biləndən sonra bu barədə icra məmuruna məlumat vermiş və yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməsini və iddia ərizəsinin icraata qəbul olunmasını bildirmiş, bunu təsdiq edən sənədi də icra məmuruna təqdim etmişdir. İcra məmuru icraatın təzələnməsi barədə onlara heç bir məlumat verməmişdir. xx.xx.2026-cı il tarixdə icraatın təzələnməsi barədə 2-3 gün bundan qabaq məlumatları olmuşdur. Həmin qərardan dünən məhkəməyə şikayət vermişlər. İcra məmuru birinci dəfə icraatı dayandırdığı halda sonradan icraatı dayandırmamasının səbəblərini izah edə bilməmişdir. Hazırda borclunun çıxarılması tələb olunan evlə bağlı məhkəmə mübahisəsi olduğu halda icra sənədinin icrası istiqamətində hərəkətlər edilə bilməz və məcburi qaydada icra sənədi üzrə icraat dayandırılmalıdır. Borclu həyat yoldaşı ilə birlikdə ailə qurduqları vaxtdan o evdə yaşayıblar, miras əmlakın faktiki olaraq qəbul olunması baş verdiyindən burada vərəsəliyin qəbul olunması üçün müddət tələb olunmur. Borclu da həyat yoldaşına münasibətdə onun vərəsəsi hesab olunur. Tələbkar tərəf necəsə həmin evi öz adına sənədləşdirərək çıxarış əldə edib və bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət edib borclunun evdən çıxarılması tələbini qoymuşdur. Borclu icra mərhələsində bu məsələdən xəbərdar olmuşdur. Sonra vəkil kimi ona müraciət etmiş və onlar yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. O, icra məmuruna bildirmişdir ki, əgər iddia tələbləri təmin olunmasa o, özü şəxsən borclunu həmin evdən çıxaracaqdır. Lakin bu məsələyə baxılıb yekunlaşmayana qədər borclu evdən çıxarıla bilməz. İcra məmuru borclunun iştirakı ilə xx.xx.2026-cı il tarixdə akt tərtib etmişdir. Halbuki ona təqdim edilən icraatın təzələnməsi haqqında qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə icra sənədi üzrə icraat təzələnmişdir. Yəni faktiki olaraq icra sənədi üzrə icraatın dayandırılması dövründə icra hərəkətləri həyata keçirilmişdir. İcra məmurunun göndərdiyini qeyd etdiyi bildirişləri borclu almamışdır. Həmin məktubları hesab edir ki, tələbkar özü əldə etmişdir. Dünən borclunun iş yerinə hücum çəkib ona sənədlərə qol çəkdirmişlər. O, da həmin sənədləri oxumadan imzalamışdır. Göstərilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydər İbrahimov küçəsi, döngə 4, ev 3 (yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi 364) ünvanından çıxarılması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi, bu müddətdə tələb könüllü üzrsüz səbəbdən icra edilmədikdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Həmin bildiriş xx.xx.2026-cı il tarixdə borclu tərəfindən imzalanaraq qəbul edilmişdir. İcraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədi üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İcra sənədi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh X5 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. İcra sənədi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdeh Şəxs X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əliheydər İbrahimov küçəsi, döngə 4, ev 3 (yeni qaydalarla: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X15 küçəsi 364) ünvanından çıxarılması qət edilmiş, xx.xx.2025-ci il tarixdə icra sənədi icraata yönəldilmiş, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraat icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından dayandırılmış, xx.xx.2025-ci il tarixdə isə icra sənədi üzrə icraat təzələnmiş, xx.xx.2026, xx.xx.2026, xx.xx.2026-cı il tarixlərdə icra sənədində qeyd edilən tələbin yerinə yetirilməsinin mümkün olmamasına dair aktlar tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı Şəxs cavabdeh X5 qarşı qanun üzrə vərəsəlik hüququna dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasında icra məmuru ilk dəfə icraatı dayandırdığı halda, sonradan borclunun icra sənədinin verilməsinə əsas olan tələbə dair iddia ərizəsi ilə müraciət etdiyi halda dayandırmamasını əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, şəxsin qəsdi məhkəmə qərarının icra olunmamasına yönəldilməmişdir. Borclu məhkəmə iclasında bildirmişdir ki, onun həyat yoldaşının vərəsə olaraq həmin evdə payı olduğu üçün onun da həmin evdə payı var və buna uyğun olaraq da o, yaşamaq üçün 1 otaq istəyir, yaşamağa başqa yeri yoxdur, məhkəməyə də bununla bağlı yenidən müraciət etmiş, məhkəmə işinə baxsın, əgər ziyanına olarsa o, evdən çıxacaqdır. Yəni şəxsin niyyəti məhkəmə qərarının icrasına etinasız yanaşmaq, məhkəmə orqanlarının nüfuzdan salınmasına yönəlməmişdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında icra sənədindəki tələbin “üzrsüz” səbəbdən icra olunmamasının qeyd edilməsi həmin inzibati xətanın qəsdən törədilməsi qənaətinə gəlməyə əsas verir. Borclu isə üzrlü səbəb kimi məhkəməyə öz payını tələb etmək üçün müraciət etməsini, məhkəmənin gəldiyi nəticəyə uyğun olaraq icra sənədini icra edəcəyini bildirmişdir. Eyni zamanda borclu heç bir poçt məktubunu almadığını, oradakı imzaların ona məxsus olmadığını, yalnız bir dəfə icra məmurunun iş yerinə gələrək ona verdiyi sənədləri oxumadığını imzaladığını bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia tələbi ilə müraciət edən şəxsin tələbinin qanuni olduğu və təmin olunacağı düşüncəsi ilə hərəkət etməsi nəzərə alınsa bundan irəli gələrək mənzildən çıxmaması ilə bağlı gətirdiyi dəlil üzrlü səbəb kimi qəbul edilməlidir. Çünki şəxsdən mübahisəli mənzildən çıxarılması tələb olunsa da, o, həmin mənzilə hüququ olduğu və bu hüququnun təmin olunması üçün məhkəməyə müraciət edir və onun hazırda həmin mənzildən çıxarılması mübahisəli mənzilin satılmasına və başqa şəkildə özgəninkiləşdirilməsinə səbəb ola bilər ki, bu da gələcəkdə hazırki iddia tələbinin təmin olunması halında onun hüququnun həyata keçirilməsinin mümkünsüzlüyü ilə nəticələnə bilər. Bütün bunlar isə başqa yaşayış yeri olmayan şəxs üçün xoşagəlməz nəticələrin yaranmasına səbəb olacağından onun mənzildən çıxmaması məhkəmə qətnaməsinin icrasından üzrsüz səbəbdən yayınma kimi və məhkəmə qərarının icrasına etinasız yanaşma, məhkəmələrin nüfuzunu salmaq kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə iclasında borclunun vəkili icraatın təzələnməsi barədə qərardan məhkəməyə şikayət verdiyini, işə mahiyyəti üzrə baxılmadığını bildirmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirlmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-2876/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2876/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver