Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-3/2026 05.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan.Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 bildirmişdir ki, 05 yanvar 2026-cı il tarixdə, təxminən saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində Şəxs ünvanı məlum olmayan söyüş ifadələri işlətmişdir. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq hərəkətlərini dayandırmasını tələb etmiş, lakin Şəxs etdiyini düzgün olduğunu bildirərək polis əməkdaşlarının tələblərinə əməl etməmişdir. Bundan sonra, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət edilmiş, lakin etiraz edərək polis şöbəsinə getməkdən imtina etmiş, heç bir yerə getməyəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə polis şöbəsinə dəvət edilmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmayaraq gəlməkdən imtina etmişdir. Nəticədə, polis əməkdaşları tərəfindən fiziki qüvvə tətbiq olunmaqla Şəxs polis şöbəsinə gətirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati protokolu müdafiə edir və şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməklə onun inzibati məsuliyyətə cəlb edilməsi xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində kirayə yaşayır. O, evlidir və bir azyaşlı övladı var. Arvadı ilə rəsmi nikahda olmadığından övladının doğum haqqında şəhadətnaməsində atalıq qrafasında onun yox, başqa şəxsin adı qeyd olunmuşdur, lakin uşaq faktiki olaraq onun və birlikdə yaşadığı xanımın himayəsindədir. 05 yanvar 2026-cı il tarixdə, günorta saatlarında, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində ona borclu olan tanışı ilə telefon danışığı aparmış, həmin vaxt emosional vəziyyətdə olduğundan telefon vasitəsilə nalayiq ifadələr işlətmişdir. Qısa müddət sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və hərəkətlərini dayandırmasını tələb etmişlər. Polis əməkdaşlarının mülki geyimdə olması səbəbindən onların polis əməkdaşı olduqlarına inanmamış, buna görə də, tələblərə əməl etməmiş və polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra polis şöbəsinə gətirilmiş, barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. O, Vətən müharibəsinin iştirakçısıdır və döyüşlərdə iştirakı ilə əlaqədar bir neçə medalla təltif edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 152202 nömrəli vəsiqəsindən görünür ki, Şəxs vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, toplanmış sübutlar və iş üzrə müəyyən edilmiş faktiki hallar Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsini təsdiq edir və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vətən müharibəsi iştirakçısı olması, törətdiyi əməldən peşman olması məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Cəfərov X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-3/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3/2026
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver