Məhkəmə qərarları › İş №3(5-101)-3005/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-3005/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-3005/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirovun, icra işi üzrə tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Füzuli şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 576 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda aliment borcu 2670 manat təşkil edir. Borclu üzrsüz səbəbdən ödəniş etmədiyindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak icra məmuru Amil Əmirov bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilmiş alimentdən indiyə qədər 2670 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yeni işə daxil olduğundan ona ödənilməsi üçün möhlət (vaxt) verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra işi üzrə tələbkar X4 inzibati xəta törədən Şəxs aliment borcunu ödəmədiyini, ödəniş etmədiyi halda şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiqini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.72 misli həddində indeksasiya olunması qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişlərdəndən görünür ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5928/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki,Şəxs AR İXM-nın 528.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, icra vərəqəsinin üzərindən 1 il müddət keçmiş, lakin məhkəmədə işə baxılan tarixədək xeyli miqdarda aliment borcu toplanmış, şəxs isə borcundan cüzi ödəniş etmişdir. Bu isə icra sənədinin qəsdən icra edilməməsinə dəlalət edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X5 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar