Məhkəmə qərarları › İş №3(5-101)-324/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-324/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-324/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 12 yanvar 2026-cı il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 12 yanvar 2026-cı il tarixdə vətəndaş Şəxs yaşadığı evdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, YY sahəsi ev 11-də saat 00:15-də spirtli vəziyyətdə münaqişə edərək xırda xuliqanlıq törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 12 yanvar 2026-cı il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2010-cu ildən X4 ilə ailəlidir və üç övladları vardır. 11 yanvar 2026-cı il tarixdə spirtli içki qəbul etdikdən sonra evə gəlmiş və evdə heç bir səbəb olmadan yaşadıqları evin pəncərələrinin şüşəsini sındırmışdır. Spirtli içki təsirində həyat yoldaşını təhqir etmiş və onu öldürməklə bağlı hədələmişdir. Həmin zaman özündə olmamış, spirtli içkinin təsirində olmuşdur. Hətta əvvələr bununla bağlı bir aylıq müalicə aldığını bildirmişdir. Eyni zamanda küçədədə təhqirlər etmişdir. Odur ki, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxsla 15 ildir ki, ailəlidir və üç uşaqları vardır. Həyat yoldaşı Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, spirtli içkinin təsiri altında heç bir səbəb olmadan yaşadıqları evdə münaqişə yaradır, ünvanına nalayiq ifadələr işlədir, ona hədə-qorxu gəlir. Təxminən iki il bundan qabaq müalicə almasına baxmayaraq heç bir nəticəsi yoxdur. Hadisə günüdə küçədə təhqiramiz ifadələr işlətmiş, onu öldürməklə hədələmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən tərtib olunmuş 12 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 12 yanvar 2026-cı il tarixdə vətəndaş Şəxs yaşadığı evdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, YY sahəsi ev 11-də saat 00:15-də spirtli vəziyyətdə münaqişə edərək xırda xuliqanlıq törətmişdir. Bunula da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati qaydada tutma haqqında 12 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 01:10-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin məsul növbətçisi polis leytenanatı Fərid Abazəlizadə tərəfindən tərtib edilmiş 11 yanvar 2026-cı il tarixli raportdan görünür ki, 11 yanvar 2026-cı il tarixdə saat 23:57 radələrində 102 ZMX-dən (**********) X5 ərinin münaqişə edərək evdəki əşyaları sındırmasını, təcili polisin gəlməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarıı və digər sənədlərlə sübuta yetirilmişdir ki, 12 yanvar 2026-cı il tarixdə vətəndaş Əsədov X6 rayonu, Pirşağı qəsəbəsi, YY sahəsi ev 11-də saat 00:15-də spirtli vəziyyətdə münaqişə edərək xırda xuliqanlıq törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, həbsetmənin əvvəli 12 yanvar 2026-cı il tarixdən saat 01:10-dan hesablanmalıdır. Belə ki, İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 yanvar 2026-cı il tarixdən saat 01:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar