Məhkəmə qərarları › İş №3(5-101)-330/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-330/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-330/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər X6 və X2 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 12 yanvar 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1348/23 saylı xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1744/25 saylı xx.xx.2025ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirinə yetirmir. Hazırda Şəxs icra sənədləri üzrə 40000 manat, 5300 manat və 842 manat borcu vardır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1348/23 saylı xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1744/25 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirinə yetirmir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1744/25 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 5300 manat borcdan 400 manat məbləğində ödəniş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1348/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə əvvəl 1400 manat məbləğində ödəniş etmiş, işlədiyi müddətdə əmək haqqından 25 martdan oktyabr ayınadək hər ay tutulmalar olurdu. Lakin işdən çıxdıqdan sonra icra sənədini icra edə bilməmişdir. Yeni işə qəbul olub sabahdan işə başlayacaq. Hazırda 300- 400 manat məbləğində ödəniş etmək imkanı vardır. Ona məxsus torpaq sahəsi vardır, onu sataraq borcunu ödəmək istəyir. Qalan borcu isə ancaq hissə-hissə ödəmək imkanı var. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1744/25 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs ona cəmi 5300 manat məbləğində borcu vardır. Yayda Şəxs barəsində axtarış verilmiş, axtarış nəticəsində Şəxs axtarış nəticəsində Polis Şöbəsinə gətirilmiş Şöbədə olarkən ona 400 manat məbləğində ödəniş etmişdir. Hazırda 4900 manat məbləğində borcu vardır. Yaranmış borcun ona tam şəkildə ödənilməsini tələb edir. Əks halda barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1348/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs ona cəmi 40000 manat məbləğində borcu vardır. Əvvəl 1400 manat ödəniş etmiş, sonradan əmək haqqından 25 martdan oktyabr ayınadək hər ay tutulmalar vasitəsilə icra sənədi icra edilmişdir. Cəmi təxminən 2000 manat məbləğində ödəniş etmişdir. Hazırda 38000 manat məbləğində borcu vardır. Yaranmış borcun ona tam şəkildə ödənilməsini tələb edir. Əks halda barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2(008)- 1348/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs kredit müqavilələri üzrə ödənilməli olan 40000 manat məbləğində pul X6 xeyrinə tutulması nəzərdə tutulmuşdur; İcraata başlama haqqında 02 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 02 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2(008)- 1348/2023 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında 02 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, tələbin könüllü icrası haqqında 02 aprel 2024-cü il tarixli bildiriş Şəxs tərəfindən 03 iyul 2024-cü il tarixdə qəbul edilmişdir; Borclunun axtarışı haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Borclunun axtarışı haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Borclunun axtarışı haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(103)-1744/2025 saylı icra sənədinə əsasən Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi tam təmin edilmiş, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə əlavə olaraq 800 (səkkiz yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi əlavə olaraq 8 (səkkiz) manat məbləğində pul tutulması, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni cavabdeh Şəxs 4.500 (dörd min beş yüz manat) manat məbləğində borc və 65 (altmış beş) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması hissəsi apellyasiya baxışının predmeti olmamışdır, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə ümumilikdə tutulmalı olan məbləğ 5.300 (beş min üç yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat təşkil edir, Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat Cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlama haqqında 24 aprel 2025-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 24 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(103)-1744/2025 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında 24 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, tələbin könüllü icrası haqqında 24 aprel 2025-ci il tarixli bildiriş Şəxs tərəfindən qəbul edilmişdir; İcraatın birləşdirilməsi haqqında 12 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2(008)-1348/2023 saylı və Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(103)-1744/2025 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərəçəkmiş şəxslərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar