Məhkəmə qərarları › İş №3(5-101)-331/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-331/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-331/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, “HONDA CRV” markalı, ** DL *** qeydiyyat nişanlı minik avtomobili xx.xx.2025-ci il tarixdə saat 21:41 radələrində Bakı–Quba–Rusiya yolu istiqamətinin 54-cü km-də hərəkət edərkən Yol Patrul Xidməti tərəfindən sürət həddinin aşılması (inzibati xəta) müəyyən edilmişdir. Avtomobilin hərəkət sürəti 217 km/saat göstərilmiş, yəni normadan 127 km/saat artıq olduğu müəyyən edilmişdir. Həmin hadisə ilə əlaqədar xx.xx.2025-ci il tarixdə EQ32747080 saylı protokola əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edilən tarixdə avtomobil tərəfindən idarə edilməmişdir. Avtomobilin son etibarnaməsi ona verildiyi üçün cərimə tərəfə tətbiq edilmişdir. Həmin avtomobil mülkiyyətçi X4 istifadəsində olmuşdur. Cərimə tətbiq edildiyi tarixdə o, təhsil aldığı üçün Türkiyə Respublikasında olmuşdur (pasportda gediş tarixi xx.xx.2025-ci il və xx.xx.2026-cı il kimi qeyd edilmişdir). Həmçinin, cərimə tətbiq edilmiş 2007-ci il buraxılışlı “HONDA CRV” markalı, ** DL *** qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə 160 km/saatdan artıq sürət yığa bilmir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X7 izahatında bildirdi ki, “HONDA CRV” markalı, ** DL *** qeydiyyat nişanlı minik avtomobil onun mülkiyyətindədir. “HONDA CRV” markalı, ** DL *** qeydiyyat nişanlı minik avtomobili xx.xx.2025-ci il tarixdə saat 21:41 radələrində Bakı–Quba–Rusiya yolu istiqamətində hərəkətdə olmuş, lakin qeyd olunan nəqliyyat vasitəsi üzrə sonuncu etibarnamə X1 adına rəsmiləşdirildiyindən, tətbiq edilmiş cərimə və cərimə balı X1 adına hesablanmışdır. Ümumiyyətlə, X3 həmin vaxt Azərbaycan Respublikası ərazisində olmayıb. Bundan əlavə, avtomobilin istehsal ili köhnədir və avtomobilin inzibati qərarda göstərilən sürət həddində hərəkət etməsi mümkün deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. AZE seriyalı, C05097592 nömrəli vətəndaşlıq pasportundan görünür ki, X3 inzibati xətanın törədildiyi 19 dekabr 2025-ci il tarixdə Türkiyə Respublikasında olmuşdur (pasportda gediş-dönüş tarixi xx.xx.2025-ci il və xx.xx.2026-cı il kimi qeyd edilmişdir). Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HONDA CRV” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, X3 “HONDA CRV” markalı, ** DL *** qeydiyyat nişanlı minik avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 21:41 radələrində Bakı–Quba–Rusiya yolu istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmiş və X2 yerləşdirilmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXMnin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, inzibati tənbehvermə haqqında qərarı tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, inzibati xəta törədilən anda nəqliyyat vasitəsini idarə edən şəxsin X1 olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında tənbehvermə barədə qərar tərtib edilmiş X3 inzibati xətanı törətmədiyini və həmin tarxdə ölkə xaricində olmasını, iş üzrə şahid qismində dindirilmiş və nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 isə həmin tarixdə və vaxtda nəqliyyat vasitəsini onun idarə etiyini bildirmişdir. Qeyd olunanlar nəzərə alınmaqla şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X11i İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı, 32747080 nömrəli, 19 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata barəsndə inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar