Məhkəmə qərarları › İş №3(5-101)-333/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-333/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-333/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş EQ seriyalı, ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş EQ seriyalı, ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə, ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tətbiq edilmiş cərimə qərarı qanunsuz və əsasızdır. Həmin qərar ədalətsiz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olduğundan, ləğv olunmalıdır. Qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atmışdır. Halbuki, həmin tarixdə heç bir məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atmamışdır. Bu barədə ona, hər hansı bir görüntü və ya digər sübutlar təqdim olunmamışdır. Hesab edir ki, həmin vaxt heç bir qayda pozuntusuna yol verməmişdir. Bunları nəzərə alaraq tərtib edilmiş qərar əsasızdır və məhkəmədən ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə xx.xx.2026-cı il tarixli 5-101\2-1009\2026 saylı sorğu ünvanlanmış, lakin həmin sorğuya cavab olaraq X3 barəsində Sabunçu RPİnin 12-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar göndərilmşdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi ilə əlaqə saxlanılaraq X3 barəsində olan qərarın əsaslılığı ilə bağlı sübutlar təqdim edilməsi istənildikdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən X3 barəsində onun siqaret kötüyünü avtomobilindən çölə atması və başqa bir avtomobilin üzərinə düşməsi ilə bağlı şöbəyə şikayət ərizəsi daxil olduğu bildirilmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin dəftərxana müdirindən X3 barəsində müvafiq şikayət ərizəsinin təqdim edilməsi istənildikdə, X3 barəsində belə bir şikayət ərizəsinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 266.3.-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş EQ seriyalı, ******* nömrəli, 17 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, qərarda göstərilən cərimənin tətbiqi əsassızdır və faktiki hallar göstərir ki, inzibati tənbeh əsassız tətbiq edilmişdir. Belə ki, X3 barəsində Sabunçu RPİ-nin 12-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat cərimə edilmişdir. Həmin maddədə də məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-fiziki şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. X3 belə inzibati xətaya yol vermədiyini bildirmişdir. Məhkəmə qərarı tərtib etmiş orqan Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə sorğu ünvanlamış və bu qərarla bağlı sübutlar təqdim edilməsi xahiş olunmuşdur. Dəfələrlə müraciət olunmasına baxmayaq Sabunçu RPİ-nin 12-ci Polis X1 brəsində qəbul edilmiş qərarla bağlı heç bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar