Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-334/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Sabunçu rayonu Zabrat qəsəbəsində xx.xx.2025-ci il tarixdə idarə etdiyi BYD markalı **-XQ-*** nömrəli avtomobilin X6 əməkdaşları tərəfindən saxlanılmışdır. Əlində icranın sənədinin olmasına baxmayaraq ona 400 AZN cərimə yazılmışdır. Səbəb olaraq sürücülük vəsiqəsinin məhdudiyyətli olmasıdır. Amma icra sənədi məhdudiyyətdən qabağ olduğu üçün cərimə yazıla bilməzdi. O, X6 əməkdaşı polis mayoru Eldar Əbilova bu sənədləri göstərsə də, onlar üçün boş şeydir deyib cəriməni yazmışdır. Protokola məcburi qol çəkdirmişdir. Əks təqdirdə idarə etdiyi avtomobili cərimə meydançasından götürə bilmədiyini demişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Sabunçu rayon DYPŞnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Sabunçu rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 idarə etdiyi “BYD DESTROYER PLUG-İN2 Hibrid” minik markalı, **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 09:40-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ünvan 1 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-2999/2025 saylı qərarından surətindən görünür ki, X1 şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 Şöbəsənin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİNnin Bakı şəhər X6 Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-4894/2025 saylı qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X1 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-yə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə də, Sabunçu rayon DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-2999/2025 saylı qərarı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-5240/2025 saylı qərarı nəzərə alınmaqla iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Sabunçu rayon DYPŞ-i tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Sabunçu rayon DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş TP/7698280 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(5-101)-334/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-334/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver