Məhkəmə qərarları › İş №3(5-101)-457/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-457/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-457/2026 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 bildirmişdir ki, 13 yanvar 2026-cı il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində xidmət apararkən Sovxoz küçəsində bir nəfər naməlum şəxsin uca səslə mobil telefon vasitəsilə danışaraq nalayiq ifadələr işlətdiyi müşahidə edilmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, küçədə insanların hərəkətdə olduğunu bildirərək uca səslə danışığın və nalayiq ifadələrin yolverilməz olduğunu izah etmiş, həmin hərəkətlərin dərhal dayandırılmasını tələb etmişlər. Şəxs onların qanuni tələblərinə məhəl qoymamış, nalayiq ifadələr işlətməklə telefon danışığını davam etdirmişdir. Bu səbəbdən o, polis şöbəsinə dəvət olunmuş, lakin polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşını sinə nahiyəsindən itələmiş və hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişdir. Bundan sonra şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin anket məlumatları dəqiqləşdirilmiş, onun Şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində aparılan söhbət zamanı Şəxs törətdiyi hərəkətin düzgün olmadığını etiraf etmiş, Vətən müharibəsi iştirakçısı olduğunu və döyüşlər zamanı yaşadığı stress səbəbindən əsəbi gərginlik keçirdiyini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun göstərilən maddələrə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Vətən müharibəsində iştirak etmiş, müharibə veteranıdır və döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə görə bir neçə medalla təltif olunmuşdur. 13 yanvar 2026-cı il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının qarşısında, küçədə mobil telefonla danışarkən emosional vəziyyətdə olması səbəbindən özündən asılı olmayaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq ərazidə digər şəxslərin hərəkətdə olduğunu əsas gətirib, qeyd olunan hərəkətləri dayandırmasını tələb etmişlər. Lakin, o, həmin anda emosional davranaraq polis əməkdaşlarının qanuni tələbinə dərhal əməl etməmişdir. Bundan sonra polis şöbəsinə dəvət edilmişdir. O, ilkin olaraq polis şöbəsinə getmək istəmədiyini bildirsə də, hadisə yerindən uzaqlaşmağa cəhd göstərməmişdir. Polis əməkdaşlarının təkidindən sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində izahat verərkən törətdiyi hərəkətin yanlış olduğunu qəbul etmiş və əməllərindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. O, valideynlərinin yaşlı olmasını, özünün Vətən müharibəsi veteranı olduğunu, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı, 004555 nömrəli, 13 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2026-cı il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. MV seriyalı, 143467 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün məhkəmə iclasında etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə ictimai qaydanı pozub ətrafda olan şəxsləri narahat edən hərəkətlər etməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır), məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 13 yanvar 2026-cı il tarixdən, saat 20:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 13 yanvar 2026-cı il tarixdən, saat 20:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPl-nə və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar