Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-462/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ seriaylı 32153253 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2025-ci il tarixli EQ seriaylı 32153253 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 22 noyabr 2025-ci il tarixində saat 11:11də **-NF-*** qeydiyyat nişanlı “BMW 520 minik” markalı minik avtomobili ilə Atatürk prospekti ilə hərəkət edərkən İstanbul NS klinikasının qarşısında ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının tələblərinə riayət edilməməsi) maddəsi əsasında 40 (qırx) manat məbləğində (protokol №: EQ ********) cərimə yazılmışdır. Əlavə edilmiş video və şəkillərdən də bu protokolun əsassız olması açıq aydın görünür. Belə ki, Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində körpünün altında nişan yalnız yolu sol tərəfində və görünməyən hissəsində quraşdırılmışdır. Nəqliyyat vasitələri həmin yolda 4 (dörd) cərgə ilə hərəkət edirlər. Hətta tıxac zamanı bu cərgələrin sayı 5-6 ya çatır. Video və şəkillərdən onun sağdan ikinci cərgə ilə hərəkət etməyi və bu zaman nişanın onun üçün görünməməsi də açıq aydın görünür. Qeyd olunanlara əsasən məhkəmədən barəsində qəbul edilmiş EQ 32153253 nömrəli elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X3 izahat verərək bildirmişdir ki, Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində körpünün altında nişan yalnız yolun sol tərəfində və görünməyən hissəsində quraşdırılmışdır. Həmçinin 22 noyabr 2025-ci il tarixdə saat 11:11də “BMW 520 minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həmin ərazidə tıxac olduğundan nişanı görə bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025ci il tarixli, EQ seriaylı 32153253 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ seriaylı 32153253 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 22 noyabr 2025-ci il tarixdə saat 11:11-də Atatürk prospekti-İstanbul NS klinakasının qarşısı ünvanında “BMW 520 minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edəlməməsi nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş görüntülərdə X3 tərəfindən 22 noyabr 2025-ci il tarixdə saat 11:11-də Atatürk prospekti-İstanbul NS klinakasının qarşısı ünvanında “BMW 520 minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yol nişanlarının tələblərinə riayət edəlməməsi halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ seriaylı 32153253 saylı inzibati tənbeh vermə haqqında qərarda X2 22 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkillərə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkillərdən X3 tərəfindən 22 noyabr 2025-ci il tarixdə saat 11:11-də Atatürk prospekti-İstanbul NS klinakasının qarşısı ünvanında “BMW 520 minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən yol nişanlarının tələblərinə riayət edəlməməsi halı aşkar edilmişdir. X3 yol nişanlarının tələblərinə riayət etməməsinin səbəbi olaraq məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etidiyi şikayət ərizəsində qeyd etmişdir ki, Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində körpünün altında nişan yalnız yolun sol tərəfində və görünməyən hissəsində quraşdırılmışdır. Həmçinin 22 noyabr 2025-ci il tarixdə saat 11:11-də “BMW 520 minik” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həmin ərazidə tıxac olduğundan və qeyd etdiyi səbəblərdən nişanı görə bilməmişdir. Halbuki, X3 tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirildikdə aydın olur ki, qeyd edilən yol nişanı yolun sol tərəfində quraşdırılsa da, aydın şəkildə görünən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və video görüntüyə baxış zamanı X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ seriaylı 32153253 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, EQ seriaylı 32153253 saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-462/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-462/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver