Məhkəmə qərarları › İş №3(5-101)-590/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-590/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-590/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin nümayəndəsi X1, Hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ilə «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin məsləhətçi əmək müffətişi X4 tərəfindən hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* nömrəli, 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 yanvar 2026-cı il tarixli protokola əsasən, vətəndaş X2 «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciət əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktubda qeyd olunmuş sənədlərin təqdim olunması təmin edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, vətəndaş X2 «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciət əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktubda qeyd olunmuş sənədlərin təqdim olunması təmin edilməmişdir. Bu səbəbdən, «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* nömrəli, 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Lakin hazırkı mərhələdə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi-nin 539.3-cü maddəsinin dispozisiyasına əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələbi ilə zəruri məlumatlar tam, düzgün və vaxtında təqdim edilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, nümayəndə tərəfindən məlumatların təqdim edildiyi bildirilsə də, ödənişə dair bank sənədləri digər tələb olunan sənədlərlə birlikdə təqdim edilməmişdir. Bu hal məlumatların tam şəkildə təqdim olunmamasını göstərir. Göstərilən xüsusatlar inzibati xəta tərkibinin obyektiv əlamətlərinin mövcudluğunu təsdiq edir və həmin əməlin adıçəkilən maddənin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaratdığını göstərir. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. Hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilərək həmin cərimənin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməsini təklif edirəm. Məhkəmə iclasında hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xx.xx.2026-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinin əməkdaşları tərəfindən“X7 Sənaye Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokola əsasən xx.xx.2026-cü il tarixdə MN ******* seriyalı qərar çıxararaq aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2026cü il tarixdə MN ******* saylı qərara əsasən “X7 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətə cəlb edilməməlidir. Beləki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən bizə ünvanlanmış müraciətə əsasən tərəfimizdən X3 aid əmək müqaviləsini, əmək məzuniyyətinə göndərilməsinə dair əmrlər və ərizələr, son haqqhesabın hesablanması və ödənilməsini təsdiqliyən bank ödəniş taşrığını, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvələrinin surəti (son on iki ay üzrə) və xitam ərizəsi və əmrinin surətləri tərəfimizdən təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən 2025-ci ilin sentyabr ayında müvafiq sənədlərin təqdim edilməsi barədə tələb irəli sürülmüşdür. 2025-ci ilin oktyabr ayında sənədlər müvafiq qaydada göndərilmiş, lakin son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən bank ödəniş tapşırığı tərəfə vaxtında təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, sənədlərin həmin mərhələdə tam şəkildə təqdim edilməsi obyektiv səbəblərdən mümkün olmamışdır. Qeyd olunan hal şəxsin hərəkət və ya hərəkətsizliyi ilə deyil, bank tərəfindən sənədin vaxtında təqdim edilməməsi ilə bağlı olmuşdur və bu səbəbdən yaranmış gecikmə şəxsin təqsiri kimi qiymətləndirilə bilməz. Eyni zamanda, 19 yanvar 2026-cı il tarixdə tələb olunan sənədlər tam həcmdə müfəttişliyə təqdim edilmişdir. Belə olan halda, inzibati cərimənin tətbiq edilməsi və həmin cərimənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi-nin 116.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunması hüquqi baxımdan məqsədəuyğun deyil. Sənədlərin tam şəkildə təqdim edilməsi, gecikmənin isə şəxsin iradəsindən asılı olmayan səbəbdən baş verməsi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə, izahatla sübuta yetirilmişdir ki, hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaş Nümayəndə şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin 08 yanvar 2026-cı il tarixinədək təqdim edilmədiyi müəyyən edilmiş, bununla da, «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş X2 «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciət əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktubda qeyd olunmuş sənədlərin təqdim olunması təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, X2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətinə Xidmətin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir; Azərpoçt Xidmətinin göndərişlərin izlənilməsi altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-84741/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli məktubu hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilməli və həmin cərimə 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, Şəxsnə törətdiyi hüquqpozmanı aradan qaldırılması üçün 01 (bir) ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilsin. Hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi hüquqi şəxs «X7 Sənaye Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar