Məhkəmə qərarları › İş №3(5-101)-675/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-675/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-675/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 10000-00004/26 nömrəli, 16 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, materialın araşdırılması zamanı müəyyən olunmuşdur ki, Özbəkistan Respublikasında yerləşən Səmərqənd avtomobil zavodundan Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına “80323SBA/803451BA” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “avtobusun yığım komplekti” mallarına dair gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar izahatı alınmış Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, 3 (üç) ildir Şəxs MMC-də bəyannaməçi vəzifəsində çalışır. MMC fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında gömrük işi sahəsində müxtəlif xidmətlərin göstərilməsi ilə məşğul olur. Onun vəzifə öhdəliklərinə ümumi sənədlərə baxışın keçirilməsi, müştərilərlə əlaqənin qurulması, bəyannamələrin tərtib edilməsi məqsədilə müvafiq sənədlərin bəyannaməçilərə göndərilməsi, eləcə də bu fəaliyyətlə əlaqədar digər zəruri işlərin icrası daxildir. Gün ərzində iş yükünün çox olması səbəbindən "xxxx" MMC-nin ünvanına göndərilmiş “avtobusun yığım komplekti” mallarına dair qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün müvafiq işçilərə tərəfindən tapşırıq verilməmişdir. Lakin qeyd olunan mallarla bağlı zəruri sənədlər "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:44-də elektron poçt ünvanlarına göndərilmişdir. Beləliklə, qısa idxal bəyannaməsinin təqdim edilməməsinin səbəbi tərəfindən yol verilmiş diqqətsizlik olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “Şirva” Gömrük Postunun rəisi Vüsal Mirzəyev tərəfindən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Ülvi Zülfüqarovun adına yazılmış raportdan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada xx.xx.2025-ci il tarixində OOO SAMARKANDSKİY AVTOMOBİLNİY ZAVOD-dan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına “**********15407” nömrəli barkodla daxil olan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan “Gömrük təmsilçiliyi haqqında” 01 fevral 2023-cü il tarixli 7/02/23 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC-nin adından gömrük təmsilçiliyinin Şəxs MMC-nin tərəfindən həyata keçirilməsinə dair tərəflər arasında razılaşma olmuşdur. İş materiallarında olan, Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC-nin arasında xx.xx.2023-cü il tarixdə gömrük təmsilçiliyi haqqında müqavilə bağlanmışdır. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə müqavilədə nəzərdə tutulmuş gömrük təmsilçiliyi ilə bağlı müxtəlif xidmətlər göstərilir. Gün ərzində iş yükünün çox olması səbəbindən "xxxx" MMC-nin ünvanına göndərilmiş “avtobusun yığım komplekti” mallarına dair qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün müvafiq işçilərə onun tərəfindən tapşırıq verilməmişdir. Lakin qeyd olunan mallarla bağlı zəruri sənədlər "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:44-də elektron poçt ünvanına göndərilmişdir. Beləliklə qısa idxal bəyannaməsinin təqdim edilməməsinin səbəbi tərəfindən yol verilmiş diqqətsizlik olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin ünvanına daxil olmuş mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar