Məhkəmə qərarları › İş №3(5-101)-699/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-699/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-699/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 25 avqust 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 18 yanvar 2026-cı il tarixli, EQ33368727 nömrəli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət YPİ-nin inzibati tənbeh vermə haqqında 18 yanvar 2026-cı il tarixli, EQ33368727 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, barəsində qəbul olunmuş qərar qanunsuz və əsassızdır. 18 yanvar 2026-cı il tarixdə “BMW” markalı **-MR-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsi-Bülbül prospekti kəsişməsində yolayrıcını keçmə qaydalarını pozulması qeyd edilmişdir. O, hər hansı qayda pozmadığını, təqdim etmiş olduğu video-foto şəkillərdən də həmin kəsişmədə 1.25 üfiqi nişanlanma xətlərinin(sarı tor) mövcud olmadığını, hər hansı piyada və maşınların hərəkəti üçün maneə yaratmadığını bildirmişdir. Belə ki, əgər kəsişmədə hər hansı sarı tor nişanı olardısa, o həmin kəsişməyə daxil olmayacaqdı. Bu səbədən də barəsində tərtib edilmiş protokol və qərarın düzgün olmadığını, qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 yanvar 2026-cı il tarixli, EQ33368727 nömrəli qərardan görünür ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətçi ərizəsində qeyd etmişdir ki, o “BMW” markalı **-MR-*** dövlət qeydiyyatı nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsi-Bülbül prospekti kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmamış və buna dair sübutlar ona təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir, səlahiyyətli orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, yenidən araşdırma aparılarkən inzibati xəta baş verən günü, yəni 18 yanvar 2026-cı il tarixdə “BMW” markalı **-MR-*** dövlət qeydiyyatı nişanlı avtomobili idarə edən X4 tərəfindən inzibati xətanı pozması iş üzrə ona sübutlar təqdim edilməklə araşdırılmalı, yolayrıcını keçmə qaydasının pozulmasının nədən ibarət olması müəyyən edilməli və bundan sonra nəticəsi barədə qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət YPİ-nin inzibati tənbeh vermə haqqında 18 yanvar 2026-cı il tarixli, EQ33368727 saylı qərar ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 18 yanvar 2026-cı il tarixli, EQ33368727 saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar