Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-785/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: Sabunçu RPİ DYPŞ-dən daxil olmuş 15 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “VOLKSWAGEN POLO SEDAN” minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:30-da narkotik vasitə istifadə etməklə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə mülkiyətində olan “VOLKSWAGEN POLO SEDAN” minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məmmədli qəsəbəsində hərəkətdə olan zaman başqa bir xanım sürücü onun nəqliyyat vasitəsini arxadan vurmuşdur. Günah xanım sürücünün olmasına baxmayaraq YPX əməkdaşı onu müayinəyə cəlb etmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, iki gün bölmədə qalmışdır. Ondan işinin xitam olunub məhkəməyə göndərilməməsi üçün 10.000 manat pul tələb etmişlər. O, razılaşmadığından onu məhkəməyə çıxartmışlar. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Azad olunduqdan sonrakı gün, yəni xx.xx.2026-cı il tarixdə DTX-nin hərbi-tibb baş idarəsinin mərkəzi laboratoriyasında müayinəyə cəlb olunmuşdur. Müayinənin nəticəsində onda narkotik vasitə və psixotrop maddə aşkar olunmamış, “codein” aşkar olunmuş, o isə analgin qəbul edilməsi nəticəsində yaranmış və onun qəbuluna da qadağa yoxdur, bunu rəydə də qeyd etmişlər. Buna görə də Bakı Apellyasiya Məhkəməsində işinə baxılan zaman qərar ləğv edilib yenidən araşdırma aparılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa onun barəsində eyni hal üzrə ikinci bir protokol, İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edib məhkəməyə göndərmişlər. O, narkotik vasitə qəbul etməmiş və bunun nəticəsində də sərxoş olmamışdır. Sadəcə ondan rüşvət istəmişlər, o, bununla razılaşmamış, hətta 102 xidmətinə şikayət edilmişdir. Bütün bunların nəticəsində barəsində iki dənə inzibati xəta haqqında protokol tərtib etmişlər. Baş vermiş qəzada da onun təqsiri olmamışdır. Bakı şəhər BPİ DYPİ-nin verdiyi cavab məktubundan da görünür ki, qəzada xanım təqsirli olduğu üçün barəsində inzibati tənbeh verilmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “VOLKSWAGEN POLO SEDAN” minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:30-da nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; xx.xx.2026-cı il tarixli, 1/34 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sidik-ekspres test üsulu ilə müayinə nəticəsində Şəxs MOP (+) və OPİ (+) müəyyən olunmuşdur; AR DTX-nin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyası tərəfindən xx.xx.2026cı ildə götürülmüş sidik və qan nümunələrinə əsasən xx.xx.2026-cı il tarixdə verilmiş xromotoqrafik analiz nəticələrindən görünür ki, Şəxs codeine, diphenhydramine, naproxen, phenobarbital aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoliji Mərkəzi” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasının 16 yanvar 2026-cı il tarixli rəyindən görünür ki, xx.xx.2026-ci il tarixdə «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsin Kliniki Laboratoriyasında narkotik vasitələr və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədilə ekspres test üsulu ilə tibbi müayinədən keçmiş, 98 nömrəli Akt tərtib edilmişdir. Müayinənin nəticəsi: MOP (+) maddə aşkar edilmişdir. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi - Tibb Baş idarəsinin Mərkəzi laboratoriyasından götürülmüş qanın kimyəvi müayinəsi zamanı tərkibində Codeine olan dərman preparatı qəbul etməsi aşkar edilmişdir. Şəxs özü etiraf edir ki, Piralgin dərman preparatını qəbul etmişdir. Nəticə olaraq Piralgin dərman preparatının tərkibində Codein olduğuna görə MOP (+) nəticəsi istisna olunmur. Həkim - Məsləhət Komissiyası tərkibində Codeine olan dərman preparatının dövriyyəsi qadağan olunmuş və xüsusi nəzarətdə olan psixoaktiv maddələr siyahısına aid olmadığına əsaslanaraq Şəxs narkoloji qeydiyyata götürülməməsi məsləhət görüldü. Sabunçu Rayon Məhkəməsi tərəfindən “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinə sorğu ünvanlanaraq yaranmış zərurətlə bağlı xx.xx.2026-ci il tarixli müayinə nəticəsində Şəxs aşkar olunduğu qeyd edilən OPİ (+) nə olduğu, narkotik vasitələrə, psixotrop maddələrə və ya güclü təsir edən digər maddələrə aid olubolmaması, konkret olaraq hansına aid olması, şəxsdə aşkar olunan codeine, diphenhydramine, naproxen, phenobarbital adlı maddələrin OPİ-nin olması nəticəsinə gəlməyə əsas verib-verməməsi, əsas verirsə həmin maddələrin dövriyyəsi qadağan edilmiş və xüsusi nəzarətdə olan maddələr siyahısına aid olub-olmaması, bu maddələrin olması həmin nəticəyə gəlməyə əsas vermirsə, xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət ərzində qanda və sidikdə OPİ-nin qalmasının mümkün olubolmaması, mümkün deyilsə səbəbləri və xx.xx.2026-cı il tarixdə şəxsdə aşkar olunan MOP-un xx.xx.2026-cı il tarixinədək qanda və sidikdə qalmasının mümkün olub-olmaması barədə məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş olunmuşdur. “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə istifadə olunan ekspres test üsulu istiqamətverici xarakter daşıyır, qaz xromatoqrafiya metodu ilə sidik və qanın kimyəvi müayinəsi daha dəqiq üsul sayılır. Codein opiatlar qrupuna aid olan maddə olduğuna baxmayaraq açıq satışda (yəni reseptsiz) satılan dərman vasitələrinin tərkibinə daxildir və o preparatların istifadəsinə qadağa qoyulmamışdır. xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət ərzində OPİ və MOP-un qanda və sidikdə qalması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. xx.xx.2026-cı il tarixli, 1/34 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən sidik-ekspres test üsulu ilə müayinə nəticəsində Şəxs MOP (+) və OPİ (+) müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən akt şəxsin narkotik sərxoşluğu vəziyyətdə olması faktını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, AR DTX-nin Hərbi-Tibb Baş İdarəsinin Mərkəzi Laboratoriyasının müayinə nəticələrindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoliji Mərkəzi” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasının 16 yanvar 2026-cı il tarixli rəyindən, məhkəmənin sorğusuna verilən cavab məktubundan belə məlum olur ki, Şəxs müayinə nəticəsində MOP (+) və OPİ (+) olması nəticəsinə gəlməyə əsas verən “codein” aşkar olunmuş və o, dövriyyəsi qadağan olunmuş və xüsusi nəzarətdə olan psixoaktiv maddələr siyahısına daxil deyil, yəni açıq satışda (yəni reseptsiz) satılan dərman vasitələrinin tərkibinə daxildir və o preparatların istifadəsinə də qadağa qoyulmamışdır. Həmçinin məhkəmənin sorğusuna cavab məktubunda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə istifadə olunan ekspres test üsulunun istiqamətverici xarakter daşıdığı, qaz xromatoqrafiya metodu ilə sidik və qanın kimyəvi müayinəsinin isə daha dəqiq üsul sayıldığı göstərilmişdir. Respublika Narkoloji Mərkəzi narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə istifadə olunan ekspres test üsulunun dəqiq olmadığı, kimyəvi müayinə nəticələrinin daha dəqiq üsul sayıldığını qeyd etməklə şəxsin narkotik sərxoşluğu vəziyyətində olmasına dair gəldiyi nəticəni əks etdirən aktın doğruluğunu şübhə altına qoymuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə araşdırması nəticəsində Şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapmamışdır. Əksinə təqdim edilmiş müayinə nəticələri və rəylər onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini göstərir. Bütün bunlar onun əməlində ona istinad edilən inzibati xətanın, yəni İXM-nin 333-1.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, şəxsin əməlində ona istinad edilən inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-785/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-785/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver