Məhkəmə qərarları › İş №3(5-101)-818/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-818/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-818/2026 27.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Ağcabədi rayonu Ovşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, 08 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 276406,26 (iki yüz yetmiş altı min dörd yüz altı, iyirmi altı qəpik) manat borcun zərərçəkmiş "xxxx" ASC-in xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 27 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, 08 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 276406,26 (iki yüz yetmiş altı min dörd yüz altı, iyirmi altı qəpik) manat borcun zərərçəkmiş "xxxx" ASC-in xeyrinə ödənilməsindən yayınır. Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, eyni icra vərəqi ilə bağlı xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 500 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin vaxt məbləğin nə qədər olması yadında deyil. Ancaq həmin vaxtdan sonra 400 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, borcun olduğunu səmimi etiraf edir. Borcu ödəməkdə boyun qaçırmır. Özü sahibkardır, 2009-cu ildə götürdüyü kredit üzrə üç yüz min manat ödəniş edib. Qalan borc məbləğini ödəməkdən yayınmır. Qızının evini satılmasını gözləyir, ev satılan kimi borcu tam bağlayacaq. Yaranmış borcla bağlı bankda qəbul edilərək borcun tez bir zamanda müəyyən güzəştlə bağlanması ilə bağlı razılıq əldə olunub. Məhkəmədən borcun tam bağlanması üçün ona vaxt verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında qeyd etmişdir ki, pensiya yaşına çatmamış, əlilliyi mövcud deyildir. O, İcra sənədi üzrə 713 261 manat pul məbləğindən ödənişlər etmişdir. Ödənişlər ipoteka predmetinin hərracda satılması ilə təmin edilmişdir. Eyni icra sənədi üzrə əvvəllər barəsində 2023-cü il tarixdə inzibati xəta haqqında iş olmuş və 500 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin tarixdən sonra 276 000 manat borcdan 400 manat ödəniş etmişdir. Hazırda tam ödəməyə maddi imkanı yoxdur, amma yaxın vaxtda fevral ayının 20-nə kimi qızına məxsus evi satıb ödəniş edəcəkdir. İndiki vəziyyətdə Bankın əməkdaşları ilə görüşmüş, ödənişlə bağlı vaxt almışdır. Razılıq belə olmuşdur ki, təxminən 70 min manat ödəniş edəcək və digər borcları razılaşdırılacaqdır. İndi isə bank tam pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş "xxxx" ASC-in etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, borclu borcunu ödəməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınır. İcra vərəqəsinin qəbul edilməsindən üzun müddət keçsə də, borclunun qeyd etdiyi müəyyən məbləğdə ödənişlər borcun bağlanması üçün kifayət deyildir. 2024-cü il tarixdə borclu banka qəbul edilərək müəyyən güzəştlərlə bağlı təkilflər edildikdən sonra da, ödənişlə bağlı borclu tərəfindən heç bir cəhd olunmamışdır. Eyni borc məbləği üzrə borclu barəsində Bakı şəhəri Sabunçu Məhkəməsinin qərarı ilə borclu barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədən borclu barəsində daha ağır inzibati tənbeh edilməsi barədə tədbir görülməsini xahiş edir. Ona verilmiş suallara cavbında göstərmişdir, 2023-cü il tarixdən sonra borclunun barəsində protokol tərtib edilməsinə baxmayaraq, həmin tarixdən sonra təxminən 500 manat ödəniş etmişdir. Pulun ödənilməsi ilə bağlı borclu bankda olub, vaxt istəmiş, lakin buna baxmayaraq bu günə kimi ödənişləri etməmişdir. Hazırda Bankın rəhbərliyi borclu barəsində daha sərt cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı, 08 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən 713261,26 (yeddi yüz on üç min iki yüz altmış bir iyirmi altı qəpik) manat borcun zərərçəkmiş "xxxx" ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə borcluya məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli borclu Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)101/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “borclunun məcburi gətirilməsi” haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında görünür ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan borclu Şəxs izahatından görünür ki, borclu icra vərəqəsindən məlumatlı olduğunu, borcu ödəməkdən boyun qaçırmadığını, satılası mülkü olduğunu, mülk satıldıqdan sonra borcu tam bağlayacağını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və tələbkarın nümayəndəsinin dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.https://e-qanun.az/framework/52863 Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və 276406,26 (iki yüz yetmiş altı min dörd yüz altı, iyirmi altı qəpik) manat borcu olduğunu qəbul edir. Təqdim edilmiş materiallarda olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3922/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında görünür ki, borclu Şəxs İXM-in 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan görünür ki, borclunun eyni icra sənədi üzrə borcu 276 406,26 manat təşkil etmişdir. Hazırki inzibati xəta haqqında olan protokoldan görünür ki, borclunun barəsində 2023-cü il tarixdə inzibati xəta haqqında protokola əsasən cərimə cəzası təyin edildikdən sonra cəmi 400 manat ödəniş edilmişdir. Şəxs xx.xx.2026-cı il tarixli izahatından da görünür ki, 763 692 manat borcundan 400 manat ödəniş etmiş, qalıq məbləği qısa müddətdə bağlayacaqdır. Məhkəmə işin hallarını, pozuntu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, eyni icra sənədi üzrə borclu barəsində inzibati cərimə tənbeh edilməsinə baxmayaraq, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə uyğun hesab edilə bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq tam icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın manefiyinə toxunmasını, eyni inzibati xəta haqqında borclu barəsində inzibati tənbeh tətbiq edilməsini, buna baxmayaraq borclu tərəfindən yenidən ödənişlər edilməməsini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə, Sabunçu rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar