Məhkəmə qərarları › İş №3(5-102)-125/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-125/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-125/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin YPX-nin inspektoru Nümayəndə2 və şikayətçi X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 15:13-də EQ 33213125 nömrəli protokolun ona təqdim edildiyini, ona məxsus olan “Hyundai Getz” minik markalı 90CF601 dövlət qeydiyyat nişanlı avtomobili evinin qarşısı sayılan həmin yerdə 11 ildir ki, saxladığını, həmin yerdə heç bir xəbərdarlıq nişanı olmadığı halda barəsində protokol tərtib edildiyini və məhkəmədən xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, barəsində Baş X6i İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. O, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi qeyd etmişdir ki, nəqliyyat vasitəsini saxladığı yer onun yaşadığı evin qarşısıdır və artıq 11 ildir ki, avtomobilini həmin ərazidə saxlayır. Hazırda tətbiq edilmiş cəriməni ödəmək üçün maddi imkanı yoxdur. Həmçinin vurğulamışdır ki, həmin səkidə onunla yanaşı digər nəqliyyat vasitələri də saxlanılmışdır. Şikayətçi nənəsinin pensiyası hesabına dolandığını və tətbiq olunmuş cərimənin onun üçün maddi baxımdan ağır yük olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Nümayəndə2 bildirmişdir ki, verilmiş şikayət əsassızdır. O qeyd etmişdir ki, sözügedən qərarın qəbul edildiyi gün həmin səkidə nəqliyyat vasitəsini saxlayan bütün avtomobillər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir və bununla bağlı siyahı məhkəməyə təqdim oluna bilər. İnspektor vurğulamışdır ki, nəqliyyat vasitələrinin səkidə saxlanılması qanunvericiliklə qadağan edilmişdir. Şikayətçinin törətdiyi inzibati xəta ilə bağlı fotoşəkilləri məhkəməyə təqdim etdiyini bildirərək, X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2026cı il tarixli “İnzibati tənbeh vermə haqqında" qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X1 istifadəsində olan nəqliyyat vasitəsi ünvan 1 ünvanında yolun avtomobillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində dayandırılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X3 tərəfindən İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş dayanma qaydasını pozmağa görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X1 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunda səkiyə verilmiş anlayışda səkinin ölçüləri, əhatə dairəsi ilə bağlı hər hansı şərt və ya qeyd əks etdirilməmişdir. Səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, nəqliyyat vasitəsi qanunun nəzərdə tutduğu mənada “səki”də saxlanılmışdır. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir və bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar