Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-130/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib olunmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 28 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəməyə daxil olmuş Şəxs MMC-nin barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Hyundai Staria minik markalı, 90YQ985 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (hüquqi ünvanı Bakı şəhəri ünvan 1 olan) Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa Şəxs MMC-nin barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Qeyd edilən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sorğu məktubundan görünür ki, Şəxs mülkiyyətində (istifadəsində) olan Hyundai Staria minik markalı, 90YQ985 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Xətai rayonu, Zığ yolu SOCAR YDM-nin yaxınlığı Səbail rayonu istiqamətində törədilmiş inzibati xətaya (yolda müəyyən edilmiş hərəkət sürətin 11 km/saat həddində aşmasına) görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu qeyd edilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan DİN-in DYP Radarın çap olunmuş görüntüsündən görünür ki, Şəxs mülkiyyətində (istifadəsində) olan Hyundai Staria minik markalı, 90YQ985 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İş materiallarında olan SX076140039AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (F-119) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən göndərilən xx.xx.2025 tarixli göndəriş xx.xx.2025-ci il tarixdə Abışov adlı şəxs tərəfindən təhvil alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə ilkin olaraq qeyd edir ki Yasamal rayon DYPŞ tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokola Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Protokola əlavə kimi, lizinq müqviləsinin surəti əlavə edilmişdir ki, həmin müqavilədə lizinq alan Şəxs lizinq verən isə "xxxx" QSC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747 və 747-1-ci maddələrinin tələbinə əsasən lizinq verən müəyyən əşyanı müqavilədə göstərilmiş haqq və müddət üçün lizinq alana istifadəyə verir. Lizinq alan isə müqavilədə müəyyən edilmiş dövriliklə muzd ödəyərək əşyanı istifadə edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsi ilə təsbit edilmiş təqsirsizlik prezumpsiyasına uyğun olaraq, şəxsin təqsiri sübuta yetirilmədikcə o, təqsirli hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən sübutetmə yükü inzibati icraatı həyata keçirən orqanın üzərinə düşür və şəxsin xətaya aidiyyəti etibarlı sübutlarla təsdiqlənməlidir. İş materiallarının qiymətləndirilməsi göstərir ki, Şəxs MMC-nin xətanın törədilməsinə aidiyyəti barədə heç bir etibarlı və kifayət qədər sübut təqdim edilməmişdir. Əksinə, sübutlar həmin hüquqi şəxsin barəsində tərtib edilən protokolda qeyd edilən inzibati xətalara aidiyyətinin olmadığını təsdiq edir. Bu halda icraatın davam etdirilməsi qanuniliyin, obyektivliyin və ədalətlilik prinsiplərinin pozulmasına gətirib çıxarar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi aşağıdakı mütləq şərtlər daxilində formalaşır: -Əsaslandırılmış sorğu mövcud olmalı—bu səlahiyyətli orqanın qanunvericiliyə uyğun formada göndərilmiş və qəbul edilmiş sorğusu olmalı - Sorğu hüquqi şəxsə və ya vəzifəli şəxsə təqdim edilməli və qəbul edilməsi rəsmi qaydada təqdim edilməli (məsələn, poçt qəbzi, elektron kabinetdə oxundu bildirişi və s.). -Sorğu rəsmi qaydada təqdim edildikdən sonra 5 gün ərzində tələb olunan məlumat (avtomobili idarə edən şəxs barədə) verilməzsə, yaxud qəsdən yanlış və ya natamam məlumat verilsə, yaxud heç bir əsas göstərilmədən cavab verilməsə Məhkəmə qeyd edir ki əgər bu şərtlərdən hər hansı biri yoxdursa, inzibati xəta tərkibi yaranmamış sayılır və şəxs məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə məhkəmə araşdırılması zamanı aydın olur ki, Şəxs MMC-yə ünvanlanmış sorğu məktubu Şəxs MMC-yə rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sübut əlavə edilməmiş, protokola təkcə protokola dəvət məktubunun göndərildiyini təsdiq edən xəbərnamə əlavə edilmişdir. Şəxs MMC-yə qeyd edilən sorğu məktubu rəsmi qaydada verilib-verilmədiyini təsdiq edən sənədlər əlavə edilmədiyi üçün Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi yarana bilməz. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız formal protokol tərtib edilməsi ilə deyil, inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğunun etibarlı sübutlarla təsdiq edilməsi şərti ilə mümkün hesab edilə bilər. Hazırkı iş üzrə toplanmış materialların təhlili göstərir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-yə istinad edilən əməllərlə həmin hüquqi şəxsin arasında səbəbnəticə əlaqəsi müəyyən edilməmişdir. Belə ki nəqliyyat vasitəsinin mülkiyyətçisinin və ya istifadəyə hüququ olan subyektin məhz Şəxs MMC olması barədə mötəbər sübutlar təqdim edilməmiş, lizinq müqaviləsi nəqliyyat vasitəsinin hüquqi statusunun və faktiki istifadəçinin kimliyinin dəqiq müəyyən edilməsinə imkan verməmiş, protokolda qeyd olunan halların təsdiqi üçün əlavə sübutlar (dövlət reyestrindən çıxarış, faktiki istifadəni təsdiq edən sənədlər, nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya istifadəçisi barədə portal çıxıarışı və s.) təqdim olunmamışdır. Bu isə inzibati xəta subyektinin düzgün müəyyən edilməməsi ilə nəticələnmiş, nəticə etibarilə Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün tələb olunan hüquqi əsasları aradan qaldırmışdır. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün qanunvericiliklə müəyyən edilmiş məcburi prosessual şərtlərə əməl olunmamışdır. Xüsusilə səlahiyyətli orqan tərəfindən göndərildiyi iddia olunan sorğunun məhz Şəxs MMC-yə rəsmi qaydada təqdim edildiyini təsdiq edən sübutlar iş materiallarında mövcud olmamış, poçt xəbərnaməsi yalnız protokola dəvət məktubunun göndərilməsini təsdiqləmiş, lakin 347-ci maddə üzrə tələb olunan sorğu məktubunun hüquqi şəxsə təqdim edildiyini sübut etməmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsə sorğunun rəsmi qaydada çatdırılmaması şəraitində həmin sorğuya cavab verilməməsi inzibati xəta kimi qiymətləndirilə bilməz. Əks yanaşma hüquqi müəyyənlik prinsipinə, eləcə də şəxsin öz hüquq və vəzifələrini bilməsi və icra etməsi imkanına zidd olardı. Beləliklə, iş üzrə mövcud sübutların qeyri-kafiliyi, inzibati xəta tərkibinin formalaşmaması və təqsirin sübuta yetirilməməsi məhkəməyə əsas verir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri üzrə başlanılmış inzibati icraata xitam verilsin. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar zəruri sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 105, 114, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-130/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-130/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver