Məhkəmə qərarları › İş №3(5-102)-150/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-150/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-150/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “İnnovasiyaya Doğru” X1 Birliyinin (VÖEN: **********) sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İnnovasiyaya Doğru” X1 Birliyinin sədri Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemində şəxsin elektron kabinetinə bildiriş yerləşdirilmiş, həmçinin Şəxs ünvan 1 ünvanına poçt vasitəsilə məktub göndərilməsinə baxmayaraq (xəbərnamədən bildirişin xx.xx.2026-cı il tarixdə çatdırıldığı qeyd olunmuşdur) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, “İnnovasiyaya Doğru” X1 Birliyi sədri Şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbi pozularaq illik maliyyə hesabatı Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. Belə ki, 2023-cü ilin 01 fevral tarixində qüvvəyə minmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələbinə əsasən Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir. Lakin “İnnovasiyaya Doğru” X1 Birliyinin sədri Şəxs həmin qeyri-hökumət təşkilatının vəzifəli şəxsi olaraq öz vəzifəsini icra etməyərək hazırki vaxtadək qeyd olunan hesabatı Ədliyyə Nazirliyinə təqdim etməmişdir. Hətta "İnnovasiyaya Doğru” X1 Birliyinə bununla bağlı xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq sözügedən ictimai birliyin sədri barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “İnnovasiyaya Doğru” X1 Birliyinə 2024-cü il üzrə maliyyə hesabatının 30 gün müddətində təqdim edilməli olması, əks halda inzibati məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “İnnovasiyaya Doğru” X1 Birliyinin rəhbərliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. “İnnovasiyaya Doğru” X1 Birliyinin sədri Şəxs inzibati xəta haqqında protokolda öz qeydini apararaq izahatında göstərmişdir ki, hesabatın təqdim olunmaması ilə bağlı heç bir bildiriş almamışdırlar. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “İnnovasiyaya Doğru” X1 Birliyinin (VÖEN: **********) sədri Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12.3cü maddəsinin tələbinə əsasən Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli Qərarına əsasən: 5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “e-mühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5); 5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. 5.1-1. Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formalara uyğun tərtib etməli (6 və 7 nömrəli formalar) və hər il aprel ayının 1dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir. 5.2. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar Həmin Qərarın 6-ci maddəsinə əsasən qeyri-hökümət təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla; - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, qeyrihökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə İXM-in 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs “İnnovasiyaya Doğru” X1 Birliyinin sədri vəzifəsində olduğundan o, həmin qeyri-hökumət təşkilatının vəzifəli şəxsi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, “İnnovasiyaya Doğru” X1 Birliyinin sədrinin fəaliyyəti birbaşa ictimai faydalı fəaliyyətlə bağlı olduğundan həmin hal məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 598.8-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “İnnovasiyaya Doğru” X1 Birliyinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar