Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-175/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şəxs nümayəndəsi Nümayəndə1 və protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 03 fevral 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-33-1100/2-000539/2026 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 yanvar 2026-cı il tarixli EP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi" (VAÍS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2024-cü il tarix, "xxxx" MMC tərəfindən verilmiş 3-33-1100/1- 035148/2024 nömrəli xx.xx.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan “SOCAR-AQŞ" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən "yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni xx.xx.2025-ci il tarixdə 3-33- 1100/012/042223 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Şəxs nümayəndəsi tərəfindən təqdim olunmuş etirazda bildirilmişdir ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan protokolun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X5 X6 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X5 X6 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X8 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı "xxxx" MMC ilə “X8 San. ve Tic. A.Ş” arasında xx.xx.2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X8 San. ve Tic. A.Ş” tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Başqa sözlə desək, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu bizim iradəmizdən asılı olmayan hallara görə baş vermişdir. Məhkəmənin diqqətinə həmçinin çatdırmaq istəyirik ki, Şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "xxxx" MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şəxs MMC 2009-cu ildən X2 Assosiasiyasının (İADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Şəxs MMC ölkədə APİ (X3/X7) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Şəxs MMC-yə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi SOCAR-AQŞ MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “Protokol” tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli, 00100-00342/26 nömrəli “Protokol” qanunsuz və əsassızdır və bu səbəbdən həmin “Protokol” məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, Şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4991.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “Protokol” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin bildiririk ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2026-cı il tarixli, 00100-00342/26 nömrəli “Protokol” tərtib edilərkən Şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokol”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “Protokol”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Hazırda qeyd olunan məsələyə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Plenum Qərarın”da qeyd olunan hüquqi mövqe ilə yanaşsaq biz Şəxs MMC-nin baş vermiş hadisədə təqsirsiz olmasını müəyyən etmiş oluruq. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, Şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2026-cı il tarixli, 00100-00342/26 “Protokolu” qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, Şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilən “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli, 00100-00342/26 nömrəli “Protokolu” ləğv edilməsini və inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş edirik. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Nümayəndə2 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi xx.xx.2024-cü il tarix olmuşdur daha sonra "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında həmin müddət 12 ay müddətinə uzadılaraq xx.xx.2025-ci il tarix üçün müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə "Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən "yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan hüquqi şəxs tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni xx.xx.2025-ci il tarixdə hüquqpozma faktı aşkarlanmışdır. Müvəqqəti ixracla bağlı məsələdə şirkətin müvəqqəti ixrac etdiyi malın müddəti 1 il nəzərdə tutulmuşdur, uzatma ərizəsi ilə 12 ay müddətinə uzadılmışdır. 2025-ci ilin dekabr ayında bu müddət bitmişdir. Müddət bitməmişdən 1 il öncə müraciət etmək lazımdır ki, müddət uzadılsın, Nazirlər Kabinetinə yanvarın 30 da müraciət ediblər, yəni artıq inzibati xəta törədildikdən sonra müraciət edilib və bu müraciət törədilmiş inzibati xətanı anardan qaldırmır ona görə də prtokoldan tərtib edildikdən sonra artıq xəta baş verdikdən sonra hər hansı müraciətin əhəmiyyəti yoxdur. Qanunvericilikdə maksimum müddət 24 aya kimi verilib, bu müddət ərzində hüquqi şəxs malların hansı müddət ərzində müvəqqəti İxracda yerləşdirilməsini özü müəyyən edir, yəni bu müddət 1 il də ola bilər 2 ildə və.s əgər əsaslı hallar müəyyən edilərsə qeyd edilən müddətin bitməsinə 1 ay qalmış müraciət oluna bilər ki, bu müddət 12 ay uzadılsın Gömrük bəyannaməsinin 31-ci qrafasında zəmanət verilən öhdəlik qeyd edilir, Socar AQŞ üçün müddət 1 il nəzərdə tutulmuşdur. Məhkəmədən protokola əsasən hüquqi şəxs barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, tərtib olunmuş protokol əsassız olduğundan xitam olunmalıdır. Belə ki, Socar AQŞ olaraq Türkiyə petrol şirkəti ilə 1 iyul 2023-cü il tarixli xidmət müqaviləsi bağlamışıq. Həmin xidmət müqaviləsinin təyinatı Türkiyə Respublikasında qazıntı işlərinin həyata keçirilməsidir. Eyni zamanda bu bir dövlət layihəsidir. Qazma işlərinin ləngiməsi səbəbindən qeyd olunan qurğunun geri qaytarılması mümkün olmamışdır. Hal-hazırda həmin qurğu Türkiyə Respublikasında istifadə olunmaqdadır. Bunu təsdiqləyən arayışları biz iş materiallarına əlavə etmişik. Socar AQŞ-nin üst təmsilçisi var Abşeron Qazma MMC, burada təəssüfedici məqam bundan ibarətdir ki, Dövlət Gömrük Komitəsi dövlət qurumuna qarşı protokol tərtib edib və bu protokol əsassız olub. Çünki dövlət səviyyəsində həyata keçirilən layihədir və Socar AQŞ-nin iradəsindən asılı olmayan hallara görə bu ləngimə baş vermişdir. Həmin qurğunun layihə bitməmiş yenidən bura qaytarılması sonra yenidən ora aparılması əlavə xərcdir həmçinin qurğu yolda zədələnə bilər, kifayət qədər bahalı bir qurğudur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin geri qaytarma müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Şəxs baş direktoru tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış xx.xx.2026-cl il tarixli məktubunda neft hasilatının qardaş dövlət Türkiyə Respublikası üçün strateji əhəmiyyətini, ölkə rəhbəri tərəfindən müəyyən edilmiş enerji və sosial-iqtisadi inkişaf siyasətini, texniki və iqtisadi zərurəti, yəni sahibkarlığın dəstəklənməsi aspektlərini, eləcə də, Şəxs MMC ilə “X8 San. Və TİC.A.Ş” şirkəti arasında olan Podrat Müqaviləsi üzrə öhdəliklərimizi nəzərə alaraq, MR8000 qazma qurğusunun Türkiyə Respublikasının ərazisində müvəqqəti ixrac müddətinin 1 (bir) il müddətinə uzadılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nümayəndə2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 yanvar 2026-cı il tarixli EP ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək xx.xx.2023-cü il tarixli, **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “yer qazan maşının hissələri” adlı malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə müəyyən edilsə də, Şəxs MMC tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni xx.xx.2025-ci il tarixdə 3-33-1100/012/042223 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya qaytarılması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Qərarın 3.7-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2023-cü il tarixli, **********1936 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “yer qazan maşının hissələri” adlı malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə müraciət edilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2025-ci il tarixdə başa çatmasına baxmayaraq Şəxs tərəfindən müddətin uzadılması üçün müraciət edilməmiş, həmin mallar xx.xx.2025-ci il tarixdə, yəni on iki gün müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmış və bununla da İXM-nin 499.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə Şəxs MMC nümayəndəsi tərəfindən irəli sürülmüş etirazları və təqdim edilmiş sənədləri təhlil edərək qeyd edir ki, inzibati məsuliyyət məsələsinin həlli zamanı əsas hüquqi meyar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklərin vaxtında və düzgün icra olunub-olunmamasıdır. Belə ki, Azərbaycan Respublikasının gömrük qanunvericiliyi müvəqqəti ixrac və ya müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malların həmin prosedur üzrə müəyyən edilmiş müddətdə geri qaytarılmasını və ya digər gömrük proseduru altında yerləşdirilməsini prosedur sahibinin birbaşa hüquqi öhdəliyi kimi müəyyən etmişdir. Bu öhdəliyin icrası isə prosedur sahibinin təsərrüfat fəaliyyətindən, bağladığı müqavilələrdən və ya kommersiya maraqlarından asılı olmayaraq təmin edilməlidir. Məhkəmə Şəxs MMC nümayəndəsi tərəfindən irəli sürülmüş etirazları qiymətləndirərək qeyd edir ki, şirkət tərəfindən malların geri qaytarılmamasının səbəbi kimi Türkiyə Respublikasında həyata keçirilən qazma layihəsinin davam etməsi, qurğunun texniki xüsusiyyətləri və layihənin iqtisadi məqsədəuyğunluğu göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, hüquqi şəxs tərəfindən həyata keçirilən qazma layihəsinin davam etməsi və qurğunun texniki xüsusiyyətləri hüquqi baxımdan prosedur sahibinin öhdəliyini aradan qaldırmır. Qanunvericilik açıq şəkildə müddətlərin qorunmasını tələb edir və müddətin bitməsindən sonra hər hansı müraciətin edilməsi inzibati məsuliyyəti aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda gömrük qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər 600 (alt yüz) manat məbləğində cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü və onun miqdarını konkret müəyyən etmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 (alt yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-175/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-175/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver