Məhkəmə qərarları › İş №3(5-102)-20/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-20/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-20/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 2004-cü ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Aşağı Salahlı kəndində qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı Şəhər Səbail Rayon Məhkəməsinə 07 yanvar 2026-cı il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallardan görünür ki, 28 oktyabr 2025-ci il tarixdə təxminən saat 20 radələrində sürücüsü Şəxs idarə etdiyi «BMW» markalı **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesi ilə üzü «Dünya-Göz» xəstəxanası istiqamətində beş zolaqlı yolun üçüncü hərəkət zolağı ilə saatda 50/km.surətlə hərəkətdə olaraq surətini alıb sola dönmək məqsədi ilə qarşıda müəyyən edilmiş yerdən manevr qaydalarını pozaraq düzgün dönmə yəni yerdəyişmə əməliyyatı etmədiyindən həmin istiqamətdə ikinci hərəkət zolağı ilə saatda 60/km.surətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Chery- Tiggo» markalı **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxmış nəticədə «Chery-Tiggo» markalı avtomaşın ön sağ hissəsi ilə «BMW» markalı avtomaşının ön sol hissəsinə dəyərək toqquşmuş nəticədə «Chery-Tiggo» markalı avtomaşın çevrilərək sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Bakı şəhər Səbail RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Əli İsmayılovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 noyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Səbail RPİ-nin DYPŞ-nə və məlumat üçün Səbail Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəməyə ərizə ünvanlayaraq, ərizədə xx.xx.2025-ci il tarixdə qəza baş verən zaman Şəhidlər Xiyabanından şəhidlərimizi ziyarət edib gələrkən anidən qəza olduğunu, qarşı tərəfə köməklik etdiyini və təqsirini qəbul etdiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmişdir. Məhkəmə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə təhqiqatçının göndərdiyi materiallarda göstərilən kimi olumuşdur, hadisə zamanı yüngül xəsarət almış və buna görə təxmini 15 gün əmək qabiliyyətini itirmişdir. Həmin gün hadisəni törədən şəxs xəstəxanaya gəlməmiş və onu ziyarət etməmişdir. Onunla yalnız bir dəfə əlaqə saxlayıb. Sağlamlığına dəyən zərəri sığorta qarşılamış və avtomobilə dəyən zərər barədə isə sığorta prossesi hələ də davam edir. Məhkəmədən Şəxs 1 il müddətinə sürücülük hüququnun alınmasını barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin tələbinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, təxminən 11 ay olarakı özünə «Chery-Tiggo» markah **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını alaraq idarə edir. 28 oktyabr 2025-ci il tarixdə təxminən saat 28 radələrində öz işlərinin dalınca getmək məqsədi ilə idarə etdiyi «Chery-Tiggo» markalı **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesi ilə üzü «Dünya- Göz» xəstəxanası istiqamətində beş zolaqlı yolun ikinci hərəkət zolağı ilə saatda təxminən 60/km surətlə hərəkətdə idi. Qarşıda geriyə dönmək üçün müəyyən edilmiş yerə çatdıqda ani anda üçüncü hərəkət zolağı ilə hərəkətdə olan sonradan bildiyi «BMW» markalı 99- CY-175 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının onun hərəkət zolağına çıxdığını görüb onunla toqquşmasın deyə əyləcdən istifadə etməyinə baxmayaraq idarə etdiyi avtomaşınının ön sağ hissəsi ilə həmin avtomaşının ön sol hissəsinə dəyərək toqquşmuş və idarə etməni itirib səkinin üzərinə çıxaraq maşın çevrilmiş və o, xəsarət almışdır. Yaxınlıqda olan DYPŞ-nin əməkdaşı yaxınlaşaraq hadisə ilə bağlı Səbail RPİ-nə və TTYSna məlumat vermişdir.Az bir müddət keçmişdir ki, Səbail RPİ-nin əməkdaşı gələrək müvafiq sənədləşdirmə aparmağa və TTYS-dan gələn həkim briqadası onu xəstəxanaya aparmışdırlar orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. İş materiallarında olan canlı şəxsin məhkəmə tibbi ekspertizasının 29 oktyabr 2025ci il tarixli 544 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – başın sağ təpə və sağ təpə-alın nahiyələrinin, sol dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ baldırın qançırı, sağ baldırın, sol diz oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ və İİİ barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, sol əlin arxa və ovuc setlərinin, həmin əlin İİ və İV barmaqlarının səthi kəsilmiş yaraları isə iti kənarlı əşyanın (ola bilsin ki, şüşə qırıntılarının təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X2 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Səbail rayonu, Y.Salyan Şossesində baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətin yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus «Chery-Tiggo» markalı **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın üzərində çoxsaylı zədələr aşkar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokola əlavə edilmiş hadisə yerinə baxış keçiriməsi haqqında protokol, yolnəqliyyat hadisəsi ilə bağlı tərtib edilən sxem, fotoşəkillər məhkəmə tibbi-ekspertizasının rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31 və 33-cü maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, təqsirini səmimi etiraf etməsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi üçün onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə və ya müntəzəm pozması halı müəyyən olunmadığından şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim:Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar