Məhkəmə qərarları › İş №3(5-102)-204/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-204/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-204/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026 tarixində saat 23:43 radələrində ünvan 1 ünvanında onun barəsində İXP7770713 nömrəli protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi (“Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) əsasında 100 AZN məbləğində cərimə və 3 cərimə balı tətbiq olunmuşdur. Bildirilir ki, qeyd olunan kəsişməyə daxil olarkən yolun zolaq nişanlanmasına uyğun olaraq düz istiqamət üçün nəzərdə tutulmuş zolaqda dayanmışam və yerdə çəkilmiş istiqamət oxu düz hərəkətə icazə verirdi. Lakin işıqfordan sonra yerləşdirilmiş “məcburi sola dön" yəni istiqamətləndirici nişan əvvəlki zolaq nişanlanması ilə ziddiyyət təşkil etmişdir. Yol nişanlanması ilə yol nişanı arasında uyğunsuzluq mövcud olmuş, nəticədə yaranmış vəziyyət qəsdən qayda pozma deyil, yol hərəkətinin qeyri-aydın və ziddiyyətli təşkilindən irəli gəlmişdir. Həmin ərazidə hərəkət sxeminin dəyişdirildiyini yalnız orada yaşayan şəxslər və ya əvvəllər cərimə olunmuş sürücülər bilə bilər ki, bu da yol hərəkətinin bütün iştirakçılar üçün aydın və birmənalı təşkil edilmədiyini göstərir. Bununla yanaşı, hadisə zamanı patrul avtomobilinin yerləşdirilməsi və xidmətin aparılması qaydaları da normativ tələblərə uyğun olmamışdır. “Yol Patrul Xidməti haqqında Təlimat”ın 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalı, YPX avtomobillərinin görüntünü məhdudlaşdıran maneələrin arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Həmin ərazidə patrul avtomobili qeyd olunan tələblərə uyğun şəkildə yerləşdirilməmişdir. Eyni zamanda Təlimatın 6.8-ci bəndinə əsasən sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmət aparılarkən sayrışan işıqlar işlək vəziyyətdə olmalıdır. Hadisə gecə saatlarında baş verməsinə baxmayaraq patrul avtomobilində sayrışan işıqlar aktiv olmamış, hətta protokol tərtib edilərkən belə istifadə edilməmişdir ki, bu da xidmətin aparılması qaydalarının pozulduğunu göstərir. İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona polis əməkdaşı tərəfindən izah olunmamış, əksinə protokola izahat vermək hüququ məhdudlaşdırılaraq polis əməkdaşı tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanların nəzərə alınaraq, barəsində çıxarılmış qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, əlavə olaraq məhkəmədən hadisə yerinə baxış keçirilməsini, yol nişanlanması və nişanların uyğunluğunun araşdırılması, həmçinin hadisə anına dair video və foto materialların təqdim edilməsi məhkəmədən xahiş edilmişdir İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər məhkəmə ilə əlaqə saxlayaraq məhkəmə iclasının onların iştirakı olmadan aparılmasına etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X1 barəsində Bakı şəhəri DYP tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X3 xx.xx.2026-cı il tarixində, saat 23:43-də ünvan 1 ünvanında “Chevrolet Cruze MİNİK” markalı, **-FQ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi; “giriş qadağandır” yol nişanının tələblərinin pozulması) törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə prosesində iş materiallarında olan inzibati xətanın törədilməsi anına aid video görüntülərə baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, həqiqətən də xx.xx.2026cı il tarixində, saat 23:43-də X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, X3 xx.xx.2026-cı il tarixində, saat 23:43-də ünvan 1 ünvanında “Chevrolet Cruze MİNİK” markalı, **-FQ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən “giriş qadağandır” yol nişanının quraşdırıldığı əraziyə daxil olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, qərarın ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə etməsinə görə 40 (qırx) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə vetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həminzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Bakı şəhər DYP-nin qəbul etdiyi qərarda X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətalara yol vermiş X3 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri DYP tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri DYP tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin olunmasın. Bakı şəhəri DYP tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar