Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-214/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: X2 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qərardan şikayətçi olduğunu, Azneft ərazisində, dairəni keçərkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Ona yol hərəkəti qaydalarını pozduğu bildirilsə də, şikayətçi bunu qəbul etməmiş, hadisə yerində protokol tərtib olunmasını tələb etmişdir. Polis əməkdaşı tərəfindən şikayətçiyə təzyiq göstərilmiş, o, polis əməkdaşının avtomobilinə əyləşdirilərək polis idarəsinə aparılmışdır. Daha sonra şikayətçi 28 saylı otağa aparılmış, burada ona qarşı kobud və qeyri-etik rəftar edilmiş, psixoloji təzyiq göstərilmişdir. Şikayətçi bildirir ki, ona qanunsuz olaraq protokol tərtib edilmiş, izahatı nəzərə alınmamışdır. Ondan tələb edilən məbləğlə razılaşmamışdır, onlara verəcəyi pulu dövlətə verəcəyini bildirmişdir. Köməklik edilməsi xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-104)-728/2026 nömrəli qərardadı ilə X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, şikayətin əsaslandırma və nəticə hissələri aydın və konkret şəkildə ifadə olunmamışdır. Ümumi formada “qərardan şikayətçi olduğunu və köməklik göstərilməsi” xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə verilən şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməlidir. Şikayətdə şikayətçinin hansı inzibati xəta haqqında qərardan, hansı əsaslarla və konkret olaraq hansı tələblə məhkəməyə müraciət etdiyi aydın şəkildə göstərilməlidir. X1, təqdim etdiyi şikayətin məzmunundan şikayətçinin məhkəmədən konkret olaraq nə tələb etdiyi, inzibati xəta haqqında qərarın hansı hissəsinin qanunsuz hesab edildiyi, eləcə də bu mövqeyi hansı hüquqi və faktiki əsaslarla əsaslandırdığı müəyyən edilmir. Şikayətdə ümumi və qeyri-müəyyən ifadələrə yer verilmiş, məhkəmənin işə mahiyyəti üzrə baxmasını mümkün edən zəruri məlumatlar göstərilməmişdir. Bundan əlavə, şikayətdə inzibati xəta haqqında qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya icraata xitam verilməsi kimi prosessual tələblərdən heç biri konkret şəkildə irəli sürülməmişdir. Bu hal məhkəmənin iş üzrə şikayətin icraata qəbul edərək işə baxmasını mümkünsüz edir. Qeyd olunanlar onu göstərir ki, təqdim edilmiş şikayət prosessual normaların tələblərinə cavab vermədiyindən, mahiyyəti üzrə baxılması üçün yetərli və aydın olmadığından, iş üzrə icraata qəbul edilə bilməz və şikayətçinin həmin çatışmazlıqları aradan qaldırmaq hüququ saxlanılmaqla geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olumuşdur ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Yuxarıda qeyd olunan Qərarları nəzərə alan məhkəmə hesab edir ki, hazırda şikayətin qaytarılması ilə bağlı məsələ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Qeyd olunan nöqsanlar aradan qaldırılmadan şikayətə mahiyyəti üzrə baxılması mümkün olmadığından, şikayət prosessual tələblərə uyğun hesab edilmir. Eyni zamanda məhkəmə izah edir ki, şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-214/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-214/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver