Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-229/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Basarkeçər rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında faktiki yaşayan olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis sahə inspektoru polis leytenantı X2 tərəfindən tərtib olunmuş 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli şərfi oğurlamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru X2 protokolu müdafiə edərək, Zərərçəkmiş şəxs tərəfindən Səbail RPİ-nin 9-cu PŞ-nə müraciət edərək ona məxsus şərfinin “Tarqovi” adlanan ərazidə yerləşən “McDonalds” restoranında oğurlandığını bildirmişdir. Təhlükəsizlik kameralarından görüntülərə baxıldıqda şərfin bir nəfər qadın tərəfindən oğurlandığını və şərfin çantaya qoyulduğunu, sonradan həmin şəxsin Şəxs olduğunun müəyyən olunduğunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə zərərəçəkmiş şəxs arasında barışığın olmamasını nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında nəvələri ilə “Tarqovi” adlanan ərazidə yerləşən “McDonalds” restoranında yemək yediklərini, zərərçəkmiş şəxsin əyləşdiyi masa ilə onların əyləşdikləri masanın yaxın olduğunu, masadan qalxıb gedən zaman yerdə olan qara rəngli şərfin öz nəvəsinə məxsus olduğunu bilib götürdüyünü, lakin daha sonra evə gəldiklərində həmin şərfin nəvəsinə aid olmadığını bildiyini, şərfi yerdən götürdükdən sonra çıxanda nəvəsinə taxdığını, heç həmin şərfin 150 manat dəyərində olmadığını, əməlindən peşman olduğunu, şərfin zərərçəkmiş şəxsə qaytarıldığını həmçinin nəvələrinə baxdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında “Tarqovi” adlanan ərazidə yerləşən “McDonalds” restoranında nişanlısı ilə yemək yediklərini, daha sonra sanitar qovşağa gedib qayıtdıqdan sonra gödəkçəsinin yanında olan şərfin yerində olmamasını görmüş, həmin masanın ətrafını axtarsa da, oradakı insanlardan soruşsa da tapa bilmədiyini, Şəxs özü də heç nə olmamış kimi orda onunla şərf axtardığını, video yazılara baxış keçirilən zaman onun şərfi götürərək çantasına qoyduğunu, Şəxs tərəfindən ona məxsus şərf qaytarılsa da bu müddət ərzində keçirdiyini stressə və şərfin onda olan maddi və mənəvi dəyərinə görə Şəxs ilə barışmadığını və onun barəsində yuxarı həddə olmamaq şərtilə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, AZA 026779 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 fevral 2026-cı il tarixdə saat 14:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır xx.xx.2026-cı il tarixli videoyazılardan görünür ki, Şəxs əyləşdiyi masadan qalxıb gedən zaman öz masasından 2 masa uzaq olan masanın yaxınlığında yerdə olan qara rəngli şərfi əyilərək götürüb və qolunun üzərinə ataraq oradan öz masasına doğru irəliləyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz etriafedici izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Həmçinin Şəxsnun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xəta ilə bağlı əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxsnun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilərkən yalnız inzibati xətanın formal tərkibinin mövcudluğu deyil, həmçinin törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, nəticələri və inzibati xəta törədən şəxsin sonrakı davranışı da nəzərə alınmalıdır. İş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Şəxs hərəkətləri özgəsinin əmlakının qanunsuz olaraq götürülməsi ilə ifadə olunsa da, əmlak sonradan zərərçəkmiş şəxsə qaytarılmış, faktiki olaraq maddi zərər aradan qaldırılmışdır. Bu hal inzibati xətanın nəticələrinin ağır olmamasını göstərir və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında əməlindən peşman olduğunu bildirmiş, törətdiyi hərəkətin hüquqa zidd olduğunu etiraf etmiş və gələcəkdə belə hallara yol verməyəcəyini bəyan etmişdir. Məhkəmə bu davranışı onun islah olunma potensialının mövcudluğunu göstərən mühüm hal kimi qiymətləndirir. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati tənbehin əsas məqsədi cəzalandırma deyil, inzibati xəta törədən şəxsin tərbiyələndirilməsi və gələcəkdə yeni inzibati xətaların qarşısının alınmasıdır. Bu baxımdan, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi törədilmiş əməlin xarakteri və nəticələri ilə müqayisədə həddindən artıq sərt tədbir hesab edilməlidir və inzibati tənbehin məqsədləri ilə uzlaşmır. Məhkəmə belə nəticəyə gəlir ki, ictimai işlər növündə inzibati tənbeh həm törədilmiş inzibati xətaya adekvatdır, həm də barəsində inzibati icraat aparılan şəxsin cəmiyyətə faydalı fəaliyyətə cəlb olunması yolu ilə onun hüquqa hörmət ruhunda tərbiyələndirilməsinə xidmət edir. Eyni zamanda, bu tənbeh növü ümumi xəbərdarlıq funksiyasını da yerinə yetirərək digər şəxslərin analoji inzibati xətalar törətməsinin qarşısının alınmasına yönəlmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi ədalətli, qanuni və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətim, məsuliyyətini yüngülləşdirən halların olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli və dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28, 40, 43, 48-50, 73, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(5-102)-229/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-229/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver