Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-233/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə “Reklam və X1 Dəstək” İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs “Reklam və X1 Dəstək” İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Reklam və X1 Dəstək” İctimai Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında göstərmişdir ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 12.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatları öz fəaliyyətlərində əldə etdikləri iarı, qrant və digər vəsaitlərin istifadəsi üzrə illik maliyyə hesabatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. 2024-cü ildə “Reklam və X1 Dəstək” İctimai Birliyi tərəfindən vəsaitlər əldə edilsə də, onunla bağlı 2025-ci il aprel ayının 1-nə qədər olan hesabatı təqdim etməmişdir. Eyni zamanda 2025-ci ilin avqust ayında xəbərdarlıq məktubu göndərilmiş lakin yenidən hesabat təqdim olunmadığına görə protokol tərtib edilmişdir. İctimai Birliyin nümayəndəsi ilə əlaqə saxlanılmağa çalışsa da yenidən hesabat təqdim olunmadı. Hesabatın təqdim edilməsi üçün kifayət qədər möhlət verilsə də İctimai Birlik aprel ayının 1-dən sonra artıq xətanı törətmiş sayılırdı. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “Reklam və X1 Dəstək” İctimai Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o İctimai Birlikdə 2025-ci ildən baş katib vəzifəsində çalışır, lakin 2024-cü ilin qrantında Təhminə xanım olmuşdur. Məsul şəxs Təhminə xanımın işdən ayrılmasından sonra onlara bu barədə məlumat vermədiyindən Ədliyyə Nazirliyinə hesabat verməli olduqlarını bilməmişlər. Həmçinin onların maliyyə işlərini görən konsalting şirkəti ilə də müqavilə noyabr-dekabr ayında bitmişdir. O özü Ədliyyə Nazirliyinin saytından formu götürüb doldurmuş lakin Ədliyyə Nazirliyinin müraciət qutusuna onların meneceri atmışdır. Bu barədə Aslan müəllimə məlumat verməmiş və məlumat verməli olduğunu bilməmişdir. Xətanın törədildiyini qəbul etdiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-14-361/2025 saylı “Reklam və X1 Dəstək” İctimai Birliyinə ünvanlanmış məktubundan görünür ki, “Reklam və X1 Dəstək” İctimai Birliyinə 2023-cü ilin 01 fevral tarixində qüvvəyə minmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 12-ci maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi tərəfindən əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib edilməli və maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Qeyd edilməlidir ki, həmin Qanunun müvafiq tələbi qrant müqaviləsinin qeydə alınması barədə xx.xx.2024-cü tarixli və 3-16-5/2-xx-xx-1511/18/2024 nömrəli bildirişdə nəzərinizə çatdırılmışdır. Qrant və ondan istifadə haqqında hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" ilə müəyyən edilmiş formaya (6 nömrəli forma) uyğun tərtib edilməlidir. Adıçəkilən Qaydaların 5.2-ci bəndinə əsasən Sizə xəbərdarlıq olunaraq, qrant və ondan istifadə haqqında hesabatın 30 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsi tələb olunur. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında fəaliyyət göstərən “Reklam və X1 Dəstək” İctimai Birliyinin rəhbərliyi tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübariə haqqında” AR-nı qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı nəzarət orqanına təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Reklam və X1 Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələbinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli Qərarının 5.1-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “emühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir: Həmin Qərara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış, hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər və Qeyrihökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formalara uyğun tərtib etməli (6 və 7 nömrəli formalar) və hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir. (5.1.1, 5.1.2 və 5.1-1-ci bəndlər) “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli Qərarının 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar Həmin Qərarın 6-ci bəndinə əsasən qeyri-hökümət təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla; - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, qeyrihökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta formal tərkibli inzibati xətadır və onun başa çatmış hesab edilməsi üçün hər hansı zərərli nəticənin baş verməsi tələb olunmur. Hesabatın qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsi faktının özü inzibati məsuliyyət üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Reklam və X1 Dəstək” İctimai Birliyinə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Reklam və X1 Dəstək” İctimai Birliyinə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ictimai faydalı fəaliyyətlə məşğul olması Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Bununla belə, inzibati məsuliyyətin tətbiqi zamanı hüquqi şəxsin davranışı da qiymətləndirilməlidir. İş materiallarından görünür ki, “Reklam və X1 Dəstək” İctimai Birliyinə qanunvericiliyin tələbləri barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, habelə xəbərdarlıq edilmişdir.Buna baxmayaraq, qanunla müəyyən edilmiş müddətdə hesabat təqdim edilməmişdir. Bu hal hüquqi şəxsin qanunvericiliyin tələblərinə lazımi diqqət və qayğı göstərmədiyini göstərir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir Məhkəmə hesab edir ki, konkret halda inzibati tənbehin məqsədi hüquqi şəxsi qanunvericiliyin tələblərinə gələcəkdə düzgün riayət etməyə sövq etməkdir. Bu məqsədlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimənin tətbiqi inzibati məsuliyyətin məqsədlərinə cavab verir və ədalətlilik prinsipinə uyğundur. Məhkəmə hesab edir ki, “Reklam və X1 Dəstək” İctimai Birliyinin fəaliyyəti birbaşa ictimai faydalı fəaliyyətlə bağlı olduğundan həmin hal məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı və “Reklam və X1 Dəstək” İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minumum cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Reklam və X1 Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-233/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-233/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver