Məhkəmə qərarları › İş №3(5-102)-235/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-235/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-235/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 X6 Ximətinin inspektoru X1, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 iştirakları ilə, İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3, barəsində Səbail RPİ-nin X8 X6 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə və 3 bal tətbiq edilməsinə dair qərarla razı deyiləm və həmin qərardan şikayət edir. Hadisə zamanı Səbail RPİ-nin X8 X6 Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona heç bir rəsmi texniki vasitə ilə qeydə alınmış sübut təqdim etməmiş, yalnız öz şəxsi mobil telefonlarında hansısa görüntü göstərərək svetoforun sarı işığında hərəkəti davam etdirdiyini iddia etmişlər. Polis əməkdaşlarının şəxsi mobil telefonu qanunvericilikdə nəzərdə tutulmuş rəsmi və sertifikatlaşdırılmış sübut sayılmır. Bu səbəbdən həmin görüntülər inzibati xəta üzrə sübut kimi qəbul edilə bilməz. Həmin ərazidə yol hərəkəti üçün nəzərdə tutulmuş maksimum sürət 80 km/saat olsa da, sürəti yalnız 70 km/saat idi. Bundan əlavə, svetofora yaxınlaşdığı zaman işıqfor yaşıl olmuş, nəqliyyat vasitəsi svetofora çox yaxın məsafədə ikən yaşıl işıq sarı işıqla əvəz olunmuşdur. Ani tormozlama qəza şəraiti yarada bilərdi. Mən yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətimi davam etdirmiş. Beləliklə, barəmdə çıxarılmış inzibati xəta haqqında qərar əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Səbail RPİ-nin X8 Şöbəsi tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tətbiq edilmiş 100 manat məbləğində cərimə və 3 balın aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 X6 Ximətinin inspektoru X4 məhkəməyə videogörüntü təqdim edərək, barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 X6 Ximəti tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tətbiq edilmiş 100 manat məbləğində cərimə və 3 balın aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, təqdim edilmiş videogörüntüyə baxaraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixində, saat 09:50-də Liman küçəsi, 41 A, Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində “Mercedes Benz S550 minik” markalı 99OZ768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş və tərəflərin iştirakları ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, X3 03 fevral 2026-cı il tarixində, saat 09:50-də Bakı şəhəri, Səbail rayonu, Lökbatan qəsəbəsi Liman küçəsi, 41 A ərazisində “Mercedes Benz S550 minik” markalı 99OZ768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya qadağanedici işarəsi verilərkən sarı işıqda hərəkətin davam etdirilməsinə yol vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 85-ci maddəsinin 2-ci bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radiocihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Liman küçəsi, 41 A, Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində “Mercedes Benz S550 minik” markalı 99OZ768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 03 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar