Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-242/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin nümayəndəsi Nümayəndə Məhəddin oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə barəmdə İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta üzrə qərar qəbul edildiyi elektron sistemdə əks olunmuşdur. Lakin qeyd olunan qərar mənə rəsmi qaydada təqdim edilməmiş, imza qarşılığı verilməmiş və ya digər qanuni bildiriş üsulu ilə çatdırılmamışdır. Bununla yanaşı, protokolun tərtib olunma tarixi xx.xx.2026-dır. Beləliklə, qərar protokoldan əvvəl formalaşdırılmışdır ki, bu da inzibati icraatın əsas prinsiplərinə ziddir. Normal prosedura görə əvvəl inzibati protokol tərtib edilməli, yalnız bundan sonra qərar qəbul olunmalıdır. Həmçinin, hadisə zamanı avtomobilim (BMW, **-ON-***) qısa müddətə cərimə meydançasına yerləşdirilmiş, daha sonra heç bir əlavə akt və ya izahat verilmədən buraxılmışdır. Bu fakt özü də qərarın və tətbiq edilən tədbirin əsaslandırılmadığını göstərir. Qeyd edim ki, İXM-nin 342.2.2-ci maddəsi nəqliyyat vasitəsinin konstruksiyasının normativ tələblər pozulmaqla dəyişdirilməsi hallarına şamil edilir. Mənim avtomobilim üzrə belə bir dəyişiklik texniki akt, ekspertiza və ya sübutla təsdiq edilməmişdir. Maddənin tətbiqi faktiki əsaslandırılmamışdır. Yuxarıda göstərilənlər inzibati icraat zamanı prosedur qaydalarının kobud pozulmasını, müdafiə hüququmun məhdudlaşdırılmasını və qərarın qanunsuzluğunu sübut edir. Barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 izahatında bildirmişdir ki, onu Azneft dairəsində saxlamışlar, maşının ön farasında plyonka olduğu deyilmiş və maşın cərimə meydançasına aparılmışdır. Qeyd edilən halla bağlı protokol tərtib edilməmiş, ondan 28-ci otağa yaxınlaşmağı deyilmiş, və ondan pul tələb edilmiş 102-yə zəng etdikdən sonra deyilmişdir ki, plyonkanı sök maşını çıxartmağım deyilmişdir. Maşının ön farasında plyonka və led işıq olmuşdur. İnzibati xətanın törədilməsini qəbul etmiş. Maşınını cərimə meydançasından çıxardıqdan sonra ayın 8-i ona 150 manat cərimə gəlmiş. Bildirmişdir ki bir gün sonra cərimə yazıla bilməz. Qərarın qəbul edildiyi xətalardan birinin cəriməsi 50 manatdır amma ona 150 manat cərimə niyə yazılmışdır. Məhkəmədən xahiş edirəm cərimə qərarı ləğv edilsin heç olmasa 50 manat olan cərimə tənbehi ona yazılsın. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin nümayəndəsi Nümayəndə Məhəddin oğlu bildirmişdir ki, şikayətin təmin olunmamasını xahiş edir. O, qeyd etmişdir ki, şikayətçi özü də etiraf edir ki, maşının işıq cihazlarına plyonkalar yapışdırıb, bu isə işığın qarşısını alır və nəticədə yolnəqliyyat hadisələrinə səbəb ola bilər. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə, konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına” görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.5-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi: Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla X2 idarə etdiyi “BMW 320İ Minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozmaqla avadanlıq quraşdırması özünün etirafedici ifadəsi ilə müəyyən edilmişdir. Çünki qanunvericiliyin tələblərinə görə, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələbləri pozulmaqla avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi yolverilməzdir. Qeyd edilən hallarla X3 məhkəmə iclasında səsləndirdiyi fikirlərdə inzibati xətanı törətdiyini bildirməsi inzibati xətanın törədilməsini təsdiq edir hazır ki şikayəti isə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübut edir. Şikayətçinin dəlillərində qeyd edilmişdir ki, qərar ona rəsmi qaydada təqdim olunmamış və protokol qərardan sonra tərtib edilmişdir. Lakin məhkəmə materiallarından və qanunvericiliyin tələbindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar düzgün qaydada formalaşdırılmış, həmçinin şikayətçi tərəfindən törədilmiş xətanın mövcudluğu faktlarla təsdiqlənmişdir. Şikayətçi iclasda bildirmişdir ki, avtomobilin ön farasında plyonka və LED işıq quraşdırmışdır. Bu isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.2 və 342.5-ci maddələri ilə müəyyən edilmiş “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələbləri pozmaqla avadanlığın dəyişdirilməsi” xətasının tərkibinə tam uyğundur. Şikayətçinin etirafedici ifadəsi inzibati xətanın mövcudluğunu birbaşa təsdiqləyir və onun qanuni məsuliyyətə cəlb olunmasını əsaslandırır. Şikayətçi cərimənin 150 manat olmasını qəbul etmir və cərimənin 50 manat tətbiq edilməsini məhkəmdən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, X2 barəsində törədilmiş xətalardan daha ciddi xətaya görə yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanunvericiliyin tələbinə tam uyğun olmuşdur. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-242/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-242/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver