Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-243/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə idarə etdiyi BMW 528 İ minik markalı 99FX249 dövlət nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin əməkdaşı X3 tərəfindən ona da məlum olmayan səbəbdən saxlanılmış, avtomobilə natamam şəkildə baxış keçirdikdən sonra ona avtomobilin həm təkər, həm də şin ölçülərinin fərqli olduğunu, habelə avtomobilin nasaz vəziyyətdə olduğunu və idarə etmə üçün təhlükəli olduğunu bildirdi. O isə buna qəti şəkildə etiraz edərək avtomobilin təkər və şin ölçülərinin zavodun tələb etdiyi normativlərə uyğun olduğunu və heç bir nasazlığın da indiyə kimi müşahidə edilmədiyini bildirmişdir. İstehsalçı zavodun təqdim etdiyi kitabçaya istinad edərək avtomobilin təkər və şin ölçüləri (radiusu, uzunluğu, eni) istehsalçı zavodun tələb etdiyi standartlara (R20) uyğundur və ondan kənara çıxma yoxdur. Həmin kitabçanın surəti şikayətə əlavə edilir. Bütün bunları yol polisi əməkdaşına bildirsə də, avtomobilin kitabçasında göstərilən normativləri pozmadığını, indiyə kimi buna görə heç bir problemlə qarşılaşmadığını, xüsusilə avtomobilin nasaz vəziyyətdə olmadığını vurğulasa da, yol polisi əməkdaşı onun dediklərinə heç bir məhəl qoymadan, yerində heç bir protokol tərtib etmədən, ekspertiza keçirmədən (təkər və şinlərin ölçüsünün standartlara uyğun olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza keçirmədən), ona foto və ya video sübut təqdim etmədən əsassız və qanunsuz olaraq barəmdə İXM-nin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə tətbiq etmiş və avtomobili cərimə meydançasına yerləşdirmişdir. Həmin polis əməkdaşı qanunvericiliyin maddələrini düzgün tətbiq etməyərək, habelə, istehsalçı zavodun avtomobilin təkər və şin ölçüləri üçün nəzərdə tutuduğu tələbi və onun da həmin tələblərə əməl etdiyini görməzdən gələrək hüquqlarını kobud şəkildə pozaraq onu qanunsuz və əsassız olaraq maddi ziyana məruz qoymuşdur. Hesab edir ki, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, özbaşınalığa yol vermiş və nəticədə barəsində əsassız olaraq İXM-in 342.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Barəsində tərtib olunmuş xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin nümayəndəsinin məhkəməyə ünvanlandığı ərizəsində eyni vaxta Bakı şəhəri Nəsimi rayon məhkəməsində məhkəmə iclası təyin edildiyini nəzərə alıb hazır ki, iclasa iştirakımız olmadan baxılmasını xahiş etmiş və həmçinin şikayətçi tərəfindən YHQ- 1 saylı əlavəsinin 4-cü bəndi pozulub. Belə ki, təqdim edilmiş video görüntündən şikayətçinin avtomobilinin üzərində olan şinlərin ölçü vahidi və qapısında istehsalçı zavod tərəfindən icazə verilən ölçü vahidi görünür. Yol patrul xidmətinin əməkdaşı tərəfindən vizual olaraq aşkar edilərək barəsində İXM-nin 342.5 maddəsinə əsasən inzibati protokol və qərar qəbul edilmişdir. Şikayət əsassız olduğu üçün inzibati orqanın qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X4 izahatında avtomobilin təkər və şin ölçülərinin zavodun tələb etdiyi normativlərə uyğun olduğunu və heç bir nasazlığın da indiyə kimi müşahidə edilmədiyini bildirmişdir. İstehsalçı zavodun təqdim etdiyi kitabçaya istinad edərək avtomobilin təkər və şin ölçüləri istehsalçı zavodun tələb etdiyi standartlara uyğundur və ondan kənara çıxma yoxdur. Bütün bunları yol polisi əməkdaşına bildirsə də, avtomobilin kitabçasında göstərilən normativləri pozmadığını, indiyə kimi buna görə heç bir problemlə qarşılaşmadığını, xüsusilə avtomobilin nasaz vəziyyətdə olmadığını vurğulasa da, yol polisi əməkdaşı onun dediklərinə heç bir məhəl qoymadan, yerində heç bir protokol tərtib etmədən, ekspertiza keçirmədən ona foto və ya video sübut təqdim etmədən əsassız və qanunsuz olaraq cərimə tətbiq etmiş və avtomobili cərimə meydançasına yerləşdirmişdir. Həmin polis əməkdaşı qanunvericiliyin maddələrini düzgün tətbiq etməyərək, habelə, istehsalçı zavodun avtomobilin təkər və şin ölçüləri üçün nəzərdə tutuduğu tələbi və onun da həmin tələblərə əməl etdiyini görməzdən gələrək hüquqlarını kobud şəkildə pozaraq onu qanunsuz və əsassız olaraq maddi ziyana məruz qoymuşdur. Barəsində tərtib olunmuş xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki təqdim edilmiş video-görüntüdən görünür ki, X4 tərəfindən idarə olunan "**- FX-***” dövlət qeydiyyat nişanlı, "BMW 528 İ minik" markalı avtomobilin üzərində olan şinlərin ölçü vahidi və qapısında istehsalçı zavod tərəfindən icazə verilən ölçü vahidi görünür. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 6-cı bəndinə əsasən Yol hərəkəti sahəsində fiziki şəxslərin onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək kimi vəzifəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X2 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı sübutların qiymətləndirilməsi prinsipi sərbəst sübutetmə qaydasına əsaslanır və hakim iş üzrə toplanmış sübutların məcmusunu daxili inam əsasında qiymətləndirir. İş materiallarından görünür ki, nəqliyyat vasitəsinin üzərində olan göstəricilərdən görünür ki quraşdırılmış şinlərin ölçü göstəriciləri ilə istehsalçı tərəfindən nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilmiş icazə verilən ölçülər arasında fərq mövcud olmuş, bu hal inzibati orqan tərəfindən təqdim edilən video-görüntü ilə obyektiv şəkildə təsdiq edilmişdir. Şikayətçi tərəfindən istinad edilən hallar isə daha çox subyektiv mülahizələrə əsaslanmaqla, inzibati xəta hadisəsinin baş verməməsini və ya onun təqsirsizliyini təsdiq edən mötəbər və təkzibedilməz sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, hər bir sürücünün də üzərinə xüsusi məsuliyyət qoyur. Nəqliyyat vasitəsinin konstruksiyasında və ya texniki göstəricilərində yol hərəkəti təhlükəsizliyinə potensial təsir göstərə bilən dəyişikliklərin mövcudluğu inzibati məsuliyyət yaradan hal kimi qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Bu baxımdan, nəqliyyat vasitəsinin istismarına dair normativ tələblərə riayət olunmaması inzibati xəta tərkibini yaradır və həmin pozuntunun aradan qaldırılması üçün inzibati tənbehin tətbiqi qanunvericiliyin məqsəd və prinsiplərinə uyğundur. İş üzrə toplanmış sübutların məcmusu inzibati xəta hadisəsinin baş verməsini, həmin xətanın məhz şikayətçi tərəfindən törədilməsini və onun təqsirini kifayət qədər təsdiq etdiyindən, qəbul edilmiş inzibati tənbeh tədbiri hüquqazidd və ya əsassız hesab edilə bilməz. Bu səbəbdən də şikayətin təmin edilməsi üçün maddi və prosessual hüquq normaları baxımından əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-243/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-243/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver