Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-255/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 21 yanvar 2026-ci il tarixində, saat təxminən 15:25 radələrində, X2 idarə etdiyi “Mersedes" markalı, 77K0455 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İstiqlaliyyət küçəsi ilə “İçərişəhər” metrostansiyası istiqamətindən Prezident Aparatı istiqamətinə hərəkətdə olarkən, İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinin kəsişməsində yerləşən yolayrıcında nəqliyyat vasitəsini tam şəkildə dayandırmışdır. Yolun bütün istiqamətlərdə boş olduğunu müşahidə etdikdən və əmin olduqdan sonra Azneft istiqamətində sola dönmə manevrini həyata keçirmiş və hərəkətini davam etdirmişdir. Bu zaman piyada xidmət aparan Bakı şəhəri BPİ-nin X6 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmışdır. Onu saxlayan DYP-ı əməkdaşı özünü təqdim etmədən yolayrıcı keçmə qaydalarını pozduğunu bildirmişdir. Şikayətçi bu iddia ilə razılaşmayaraq, hər hansı bir yol hərəkəti qaydasının pozulmadığını, manevrin təhlükəsiz və qanunauyğun icra edildiyini bildirsə də, etirazı nəzərə alınmamışdır. Nəticədə, barəsində xx.xx.2026-ci il tarixində İXP7759748 nömrəli inzibati protokol tərtib edilmiş və yerindəcə xx.xx.2026-cı il tarixli TP7781204 nömrəli qərar çıxarılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla yanaşı, qeyd etmişdir ki, inzibati protokolun və qərarın surətini tələb etsə də şikayətçiyə təqdim edilməmiş, hansı faktiki hallar, sübutlar, texniki vasitələrin göstəriciləri əsasında qərar qəbul edildiyi ona izah olunmamışdır. Bildirmişdir ki, göstərilən yolayrıcında dayanma tələbi yerinə yetirilmiş, hərəkət manevr təhlükəsizlik qaydalarına uyğun icra edilmiş, heç bir digər yol hərəkəti iştirakçısına maneə və təhlükə yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, yolayrıcını keçmə qaydalarının pozulması ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(5-102)-255/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-255/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver