Məhkəmə qərarları › İş №3(5-102)-264/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-264/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-264/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Şamaxı şəhəri, S.Ə. Şirvani küçəsində **-YD-*** qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən barəsində xx.xx.2025-ci il tarixli, EQ30639236 nömrəli protokol tərtib edilmişdir. Həmin qərara əsasən 100 manat 3 bal cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sadəcə həmin qərarla razılaşmır. Qaydanı pozmamışdır, yolda lazımi olan işarələrin mövcud olmaması, yəni hərəkət tənzimləyən göstərici nişanların olmaması, yolun üzərində istiqamət xətlərinin olmaması, yolun qalxış olması və yağışlı olması qarşıdakı yolda xətləri görmək mümkün olmur. Bununla bağlı fotoşəkilləri də təqdim edilmişdir. Sadəcə formal olaraq barəsində 3 bal 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Hesab edir ki, barəsində tətbiq olunmuş xx.xx.2025-ci il qərar ləğv edilməlidir. Qərarın sistemə vurulma tarixi xx.xx.2026-ci ildir və bu qərardan razı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Xətalar Məcəlləsinin 129-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130-cü maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən barəsində tətbiq olunmuş xx.xx.2026-ci il tarixli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Yolda nişanlar olmamışdır. Düz xəttin pozulduğunu qeyd edirlər. Lakin nişan olmadığı üçün xətt görünməmişdir. Göstərilənlərə əsasən Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ərazisində “Volvo XC 90 Hibrid minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ərazisində “Volvo XC 90 Hibrid minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Volvo XC 90 Hibrid minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişdir və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X2 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30639236 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar