Məhkəmə qərarları › İş №3(5-102)-289/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-289/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-289/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 9-cu Polis Şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Əmiraslanlı Ə/D, Sarıhəsənli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiallara Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 9-cu Polis Şöbəsinin sahə inspektoru X7 protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək barəsində yüngül növdə və həddə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Əhməd Elxan oğluna qarşı heç bir şikayətinin olmadığını və sonuncu ilə barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, 10 fevral 2026-cı il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanının yaxınlığında bir nəfər şəxsin digər bir şəxslə əlbəyaxa mübahisə edərək heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətdiyi üçün həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etsə də həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq etdiyi qanunsuz əmələ davam etdiyi üçün onun tərəfindən əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilir və 10 fevral 2026-cı il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanının yaxınlığında bir nəfər şəxsin digər bir şəxslə əlbəyaxa mübahisə edərək heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətdiyi görünür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 10 fevral 2026-cı il tarixli, HK/1/141 nömrəli material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. 12 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2026-cı il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanının yaxınlığında X5 ilə mübahisə, dava-dalaş etmiş, nalayiq ifadələr işlətmiş və ona irad bildirən polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb tabesizlik etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 12 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və izahat ilə təsdiq edilir. 10 fevral 2026-cı il tarixli, AZA seriyalı 026777 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 23:10da inzibati qaydada tutulmuşdur. X2 12 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmiş şəxs X4 döyərək qəsdən fiziki ağrı yetirməsi və ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və şahidin izahatları, eləcə də məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Həmçinin, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, X1 Əhməd Elxan oğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrıayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs 10 fevral 2026-cı il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanının yaxınlığında X5 ilə əlbəyaxa mübahisə edərək nalayiq ifadələr işlətdiyi üçün həmin zaman inzibati ərazidə xidmət aparan polis əməkdaşı sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir, lakin Şəxs buna məhəl qoymayaraq analoji hərəkətlərini davam etdirmişdir. Göründüyü kimi Şəxs cəmiyyətdə sakitliyin və digər insanların hüquqlarına hörmətin təmin edilməsi ilə bağlı sonuncunu nizam-intizama dəvət etməklə bağlı polis əməkdaşının tələbi qanuni olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə analoji hərəkətlərini davam etdirməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu da məhkəmə tərəfindən belə nəticəyə gəlməyə əsas verir ki, sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın tərkibi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Hazırkı iş üzrə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni ünvan 1 ünvanının yaxınlığında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 10 fevral 2026-cı il tarixdən, saat 23:10-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 10 fevral 2026-cı il tarixdən, saat 23:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar