Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-322/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs və Bakı Şəhəri Səbail RPİ-nin 8-ci Polis Şöbəsinin sahə rəisi Ədalət Məmmədovun iştirakları ilə, 12 avqust 1975-ci ildə Tovuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 17 fevral 2026-cı il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2026-cı il tarixdə Şəxs Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə zamanı onu döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Səbail RPİ-nin 8-ci Polis Şöbəsinin sahə rəisi Ədalət Məmmədov protokolu müdafiə edərək, Şəxs ilə Zərərçəkmiş şəxs qonşu olduqlarını, və Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsinin Şəxs həyətinə açılmasına görə uzun müddətdir aralarında mübahisələrin olduğunu, şəxslərin yaşadığı ərazi üzrə sahə rəisi olmasına baxmayaraq onların barələrində bugünə qədər şikayət və ərizənin icraatına daxil olmadığını, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cl il tarixdə səhər saatlarına özünə məxsus maşına əyləşib işə gedən zaman maşını evin həyətindən küçəyə çıxaran zaman Zərərçəkmiş şəxs darvazanın sol tərəfindən dayandığını görmüş və avtomobili darvazadan rahatlıqla küçəyə çıxıra bilməyəcəyini düşünüb ona “yol ver keçim” deyərək səslənmiş, maşın hərəkətdə olan zaman Zərərçəkmiş şəxs əllərini avtomobilin şüşəsindən içəri salaraq ona bir neçə dəfə yumruq zərbələri endirmiş və o həmin an avtomobildə sükan arxasında olduğuna görə nə avtomobili saxlaya bilmək nə də ki, Zərərçəkmiş şəxs vura bilmirdi. Həmin zaman həyat yoldaşı X6 darvazanı açmaq üçün həyətdə idi, Zərərçəkmiş şəxs ona zərbələr endirən zaman həyat yoldaşı Pərvizin üzərinə hərəkət etmiş, bu zaman Pərviz onun həyat yoldaşı X3 da zərbədlər endirib onu itələmişdir. Bundan sonra X6 polisin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evlərində əmiləri və digər şəxslər olmasına baxmayaraq onlar köməyə gəlməmişdir. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, hadisə baş verən zaman həyat yoldaşının orada olduğunu, Pərviz tərəfindən döyülən zaman maşından qapını açıb düşə bilmədiyini və Pərvizə heç bir zərbə endirə bilmədiyini, uzun müddətdir ki, aralarında pəncərəyə görə mübahisələrin olduğunu və hər dəfə Pərviz onu görəndə “həyətə çıx sənə göstərəcəm” ifadəsini səsləndirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs ilə Zərərçəkmiş şəxs qonşu olduqlarını və uzun müddət pəncərəyə görə aralarında mübahisələr və məhkəmə işləri olmuşdur. Buna görə də Şəxs tərəfindən evin həyətinə kamera quraşdırılmışdır. xx.xx.2026-cı il tarixdə səhər saatlarında hər zaman olduğu kimi, darvazanı açırmış ki, həyat yoldaşı Şəxs avtomobili həyətdən çıxardıb işə getsin. Zərərçəkmiş şəxs həmin anda Vaqifgilin darvazasının qarşısında olduğundan Vaqif ona “çəkil keçim” ifadəsini səsləndirmiş. Bundan qəzəblənən Pərviz sükan arxasında olan Vaqifə hücum çəkərək zərbələr endirmişdir. Bu zaman Vaqif sükan arxasında olduğuna görə köməksiz vəziyyət qalmış və maşından enmək imkanı olmamışdır. Köməyə gələn Vaqifin yoldaşı Əksanə Pərvizi aralamağa çalışanda Pərviz həmçinin Əksanə Həsənovaya da zərbələr endirmişdir. Bundan sonra səsə Pərvizin bibiləri küçəyə çıxmış və Pərvizi evə aparmışlar. Bu zaman Əksanə Həsənova polisin 102 xidmətinə zəng edərək şikayətçi olmuşdur. Şəxs tərəfindən Zərərçəkmiş şəxs heç bir xəsarət yetirilməmiş, Pərvizin xəsarətləri dirsəklərində olan sıyrıqlar olmuşdur və həmin sıyrıqlar Şəxs xəsarətlər yetirilərkən olmuşdur, Zərərçəkmiş şəxs maşında olduğu vəziyyətdə bunu etməsidə heç mümkün deyildir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uzun müddətdir ki, Şəxs ilə qonşu olduqlarını və Vaqif tərəfindən quraşdırılmış müşahidə kamerasının onun evinin həyətini də çəkdiyi üçün bir neçə dəfə aralarında mübahisə olmuşdur. xx.xx.2026-cı il tarixdə səhər saatlarında öz evinin qapısının qarşısında dayanıb siqaret çəkərkən Şəxs avtomobili ilə öz həyətlərindən çıxırdı. Bu zaman Vaqifin həyat yoldaşı da darvazanı bağlayırdı. Daha sonra Vaqif ona “mənim evimə niyə baxırsan” ifadələrini səsləndirmişdir. O da Vaqifə yaxınlaşıb məsələni aydınlaşdırmaq istəyəndə Vaqif avtomobildən enib onu vurmağa başlamış və bu zaman yoldaşı da ona yaxınlaşaraq dizinə təpiklə vurmuşdur. Vaqif ola bilsin ki, maşından enən zaman alnı və ya üzünü maşının çərçivəsinə dəymişdir. O həmin an özünü müdafiə etmək məqsədilə Vaqifi vurmuşdur. Daha sonra səs-küyə bibisi gələrək onu evə aparmışdır. Əgər Şəxs və həyat yoldaşı barışmağa hazırdılarsa onlarla barışmaq istədiyini əks halda şikayətçi olduğu nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, hadisə baş verən zaman Vaqifin həyat yoldaşının orada olduğunu, Vaqifin maşından enərək ona zərbələr endirdiyini, hadisə nəticəsində dizi və qolunun dirsək hissəsində sıyrıq zədələrinin yarandığını, hadisə zamanı Vaqif ilə aralarında çəkişmə getdiyi üçün qolunda olan sıyrıq xəsarətinin Vaqif etdiyini, hadisə zamanı üzərində köynək və qış gödəkçəsi olduğunu, sıyrıqların paltarların üzərindən edilmiş zərbə nəticəsində olduğunu, Əksanənin onun ayağına təpik zərbəsi endirməsinin səbəbini bilmədiyini, o səhər saatlarında öz darvasının qarşısında dayandığını, birinci dəfə idi Vaqifin ona yoldaşına həyətə baxması ilə bağlı irad tutduğunu, quraşdırılmış kamera öz həyətində olsa da, həmin kameranın istiqamətinin onun pəncərəsinə yönəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə səhər saatlarında həyat yoldaşı Şəxs işə yola salan zaman həyətin darvazasını açmışdır ki, yoldaşı avtomobili həyətdən çıxarıb işə getsin. Yoldaşı Şəxs avtomobilə əyləşib darvazadan çıxanda qonşuları olan Zərərçəkmiş şəxs onların darvazasının yanında dayanmışdı. Darvazadan küçəyə çıxan hissə dar olduğuna görə yoldaşı Pərvizə “yol ver keçim” ifadəsini səsləndirdi və bundan sonra Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşıb qollarını pəncərədən içəri salaraq qəzəbli halda sükanda əyləşən yoldaşına zərbələr endirməyə başlamışdı. O dərhal qaçaraq Pərvizə yaxınlaşıb uzaqlaşdırmağa çalışanda Pərviz onun qoluna ayağına zərbələr endirməyə başladı. O qışqıraraq kömək çağırsa da köməyə heç kim gəlməmişdir. Sonra Pərvizin bibiləri həyətə çıxaraq Pərvizi evə apardılar. Bundan sonra o polisin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Dəfələrlə qonşu olduqlarına görə onlara güzəştlər etmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin pəncərələri onların həyətinə açıldığına görə və bəzən həmin pəncərədən onların həyətinə düşdüklərini gördüyü üçün yoldaşı həyətə kamera quraşdırmışdır. X1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq, mübahisənin yoldaşının darvazadan küçəyə çıxan hissə dar olduğuna görə Pərvizə “yol ver keçim” ifadəsini səsləndirməsindən sonra başladığını, yoldaşının bugünə qədər Pərvizə qarşı qısqanclıq hissi keçirmədiyini, hadisə günü Pərvizin ona baxması, söz atması halının olmadığını, darvazanı açan zaman Pərvizin onu gördüyünü və heç bir söz demədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Mehvalı Rzayev tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötürü aidiyyəti üzrə göstəriş verilməyini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 canlı şəxsin ekspertizasının xx.xx.2026-cı il tarixli, 19 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ saidin orta-aşağı 1/3nin arxa-iç və sağ diz oynağının ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən vurulub-itələnərək qeyd olunan nahiyələrin hərəkətsiz vəziyyətdə olan avtomaşına dəyməsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X2 verdikləri ifadələr təhlil edilərkən, həmin ifadələr arasında həm hadisənin başlanma səbəbi, həm də başvermə mexanizmi ilə bağlı ciddi ziddiyyətlərin mövcud olduğu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, bu cür hallarda ifadələr sübut kimi qiymətləndirilərkən onların qərəzsizliyi, ardıcıllığı və digər obyektiv sübutlarla uyğunluğu xüsusi diqqətlə yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məsuliyyət yalnız şəxsin təqsirliliyi qanunla müəyyən edilmiş qaydada, mötəbər, kifayət qədər və bir-biri ilə uzlaşan sübutların məcmusu əsasında şübhədən kənar təsdiq edildiyi halda tətbiq oluna bilər. Hazırkı iş üzrə toplanmış materiallar isə Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi və ona inzibati xəta tərkibi yaradan xəsarət yetirməsi faktını şübhədən kənar sübuta yetirmir. Əksinə, sübutların obyektiv təhlili göstərir ki, hadisə zamanı Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmək üçün real fiziki imkanı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən nəqliyyat vasitəsi ilə divar arasındakı məsafənin olduqca məhdud olduğu, həmin şəraitdə avtomobilin qapısının tam açılmasının faktiki olaraq mümkün olmadığı aydın görünür. Bu isə zərərçəkmiş şəxsin iddia etdiyi kimi Şəxs avtomobildən enərək ona zərbələr endirməsi ehtimalını ciddi şəkildə şübhə altına alır. Digər tərəfdən, zərərçəkmiş şəxs məhkəmə iclasında qolunda olan sıyrıq xəsarətinin Şəxs tərəfindən vurulmuş zərbə nəticəsində yarandığını bildirsə də, eyni zamanda həmin zərbələrin qış gödəkçəsinin üzərindən endirildiyini qeyd etmişdir. Məhkəmə həyat təcrübəsinə və adi məntiqi mülahizələrə əsaslanaraq hesab edir ki, qalın qış geyimi üzərindən endirilən zərbə nəticəsində dərinin açıq səthində səthi sıyrıq xəsarətinin yaranması inandırıcı və real görünmür. Bundan əlavə, məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, aşkar olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış olub, hərəkətsiz vəziyyətdə olan avtomobilə dəymə nəticəsində də əmələ gələ bilər. Bu hal xəsarətlərin məhz Şəxs aktiv hərəkəti nəticəsində yarandığını istisnasız şəkildə təsdiq etmir və səbəbli əlaqənin mövcudluğu barədə qəti nəticəyə gəlməyə imkan vermir. Belə olan halda, şəxsin təqsiri ehtimallara deyil, yalnız dəqiq və inandırıcı sübutlara əsaslana bilər. Mövcud şübhələr isə qanunun tələbinə uyğun olaraq barəsində icraat aparılan şəxsin xeyrinə şərh edilməlidir. Zərərçəkmiş şəxsin və şahidin ifadələri arasında hadisənin başlanma səbəbi, tərəflərin davranış ardıcıllığı və xəsarətin yaranma mexanizmi ilə bağlı əhəmiyyətli ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər digər obyektiv sübutlarla aradan qaldırılmamış, hadisənin gedişini təsdiq edən başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda yalnız ziddiyyətli şifahi ifadələrə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmaması halları mövcuddur. Habelə, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-322/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-322/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver