Məhkəmə qərarları › İş №3(5-102)-33/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(5-102)-33/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-102)-33/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, müəyyənetdim: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini bildirsə də, müəyyən edilmişdir ki, iş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərar şikayətə əlavə edilməmişdir. X2 şikayətinə İXP7708692 nömrəli protokol əsasında cərimə olunmasına dair bildiriş əlavə etmişdir. Qeyd edildiyi kimi şikayətçi tərəfindən şikayətə mübahisələndirilən inzibati xəta haqqında qərarın surəti əlavə edilməmişdir. Bu səbəbdən belə bir qərarın mövcud olubolmaması, mövcud olduğu halda isə şikayətin qanunvericiliklə müəyyən edilmiş müddətdə verilib-verilməməsi məhkəmə üçün müəyyən edilə bilməmişdir. Şikayətə yalnız cərimə barədə bildiriş əlavə edilmişdir ki, bu da məhkəməyə hansı konkret qərarın şikayət predmetini təşkil etdiyini müəyyən etməyə imkan vermir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olumuşdur ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Yuxarıda qeyd olunan Qərarları nəzərə alan məhkəmə hesab edir ki, hazırda şikayətin qaytarılması ilə bağlı məsələ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinin tələbi nəzərə alınmaqla həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və eyni zamanda şikayətdə qeyd edilməsi zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir. Qeyd olunan nöqsanlar aradan qaldırılmadan şikayətə mahiyyəti üzrə baxılması mümkün olmadığından, şikayət prosessual tələblərə uyğun hesab edilmir. Eyni zamanda məhkəmə izah edir ki, şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar