Məhkəmə qərarları › İş №3(5-102)-378/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-378/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-378/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə və Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Sahib İbrahim-Xəlilov Küçəsi, ev 31 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin 20 fevral 2026-cı il tarixli, 46428/2015-16-27 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 fevral 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 16581.85 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 16581.85 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. Lakin 2015-ci il tarixdən borclu tərəfindən ödəniş olunmamışdır. 2019-cu il Azərbaycan Respublikasının Fərmanına əsasın 3.536 ABŞ dolları ümumi borcdan silinmişdir. Borcluya dəfələrlə çağırışlar və məktublar göndərilsə də borcu ödəməkdən yayınmışdır. Borcundan bir hissə belə olsa ödəniş olunması tələb olunsa da borclu bildirmişdir ki, övladı avtoqəzada həlak olub, özünün gəlir mənbəyi və heç bir iş yeri yoxdur. Borclunun adına bir ədəd avtomobil sistemdə görünür və həmin avtomobil də axtarışa verilib. Nəqliyyat vasitəsinin yeri bilinmir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində icraaat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi imkanının olmadığı üçün borcunu ödəyə bilməmişdir. Həyatda heç kəsi yoxdur. Əlində yalnız ata mülkü var. Aylıq 600 manat qazancının olduğunu, 600 manatdan müvafiq ödəniş edə bilər. Avtomobilin yeri barədə məlumatı yoxdur. O sadəcə etibarnamə vermişdir. Avtomobil onun olmamış. Şıxəliyev Kəramətin adına olmuşdur. Onun adına niyə rəsmiləşdiriblər bilmir. Kəramət maşın alverçisidir o maşını qoyub banka pul götürüb. Pulu o götürməmiş, şəxsi istifadəsi üçün xərcləməmişdir. Rəsmi şəkildə işləmir amma borcu aylara bölüb ödəniş etməyə hazırdır. Məhkəmədən borcun aylara bölünərək ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Ödənişlə bağlı sonradan razılığa gəlmək olar. Qalıq məbləğlə bağlı böyük ödəniş olunsa əlavə güzəştlər də tətbiq oluna bilər. Amma hazırki məqamda bu məqamlar əhəmiyyət kəsb etmir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş icra vərəqəsindən məlum olur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2025 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs ASC-nin “Nərimanov” filialı ilə Şəxs arasında bağlanmış 08 iyul 2013-cü il tarixli, 13001-1085/361808 saylı kredit müqaviləsi ləğv edilməsi. Şəxs və X1 29 sentyabr 2014-cü il tarixə olan 8663 (səkkiz min altı yüz altmış üç) ABŞ dolları 29 (iyirmi doqquz) sent məbləğində əsas borc, 7301 (yeddi min üç yüz bir) ABŞ dolları 36 (otuz altı) sent məbləğində faiz borcu və 617 (altı yüz on yeddi) ABŞ dolları 20 (iyirini) sent məbləğində penya, cəmi 16581 (on altı min beş yüz səksən bir) ABŞ dolları 85 (səksən beş) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 05 mart 2015-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə xəbərdarlıq haqqında bildirişləri göndərilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında” qərardan görünür ki, Şəxs mülkiyyətində olan “Mercedes C240” minik markalı WDBRF81J73F419734 ban nömrəli, 90RC991 dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və avtomobil saxlanılaraq cərimə meydançasında saxlanılması qərara alınmışdır. İş materiallarında olan, Bakı şəhəri RPİ-nin 41-ci Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəxs saxlanılaraq aidiyyəti üzrə Səbail Rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsidir. (Hornsbi Yunanistana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən, o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X5 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar