Məhkəmə qərarları › İş №3(5-102)-42/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-42/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-42/2026 23.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 dekabr 2025-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsindən Təbriz küçəsinə doğru hərəkət edərkən həmin yolda svetaforun yaşıl işığı yandığı halda o sağa yönələrək sağ istiqamətində hərəkət etmişdir. Çünki svetafora təxminən 3-4 metr qalmış orta yoldan sağa dönmək üçün yerdə qırıq-qırıq xətlər vardır ki, bu da həmin istiqamətdən avtobus zolağına daxil olaraq sağa dönməyə imkan verir. O, həmin yoldan daimi istifadə edir, ona heç vaxt bu vəziyyətdə qayda pozuntusuna görə cərimə tətbiq edilməyib. Elektron qərarın əlavəsi kimi iş materiallarında olan şəkillər ərazinin geniş təsvirini əks etdirmir. Buna görə həmin qərarla razılaşmadığını şikayətində qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə Bakı şəhər Baş Polisi İdarəsi X6 İdarəsinə bildiriş göndərilmiş, həmin qurumun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinet vasitəsilə qərar və onun əlavəsi iş materillarına əlavə edilməsi üçün göndərilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Nərimanov Rayon Polisi İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 barəsində tərtib edilmiş qərara əsasən həmin şəxs xx.xx.2025-ci il tarixində, saat 17:30-da Nərimanov Rayonu Əhməd Rəcəbli küçəsində ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət edərək İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə tərəfindən baxış keçirilərkən ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən avtobus zolağında olduğu görünsə də şikayətçinin izahatında qeyd etdiyi kimi həmin yolda avtobus zolağına daxil olmaq üçün yolun üzərində müvafiq icazə xəttinin olmasını təsdiq edən fotoşəkil iş materiallarında olmadığından hazırki vəziyyətdə onun təqsirli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Buna görə də həqiqətən həmin ərazidə müvafiq yol nişanının olub-olmaması (svetaforun yaxınlığında) faktının müəyyən edilməsi üçün şikayət qismən təmin edilməklə yenidən araşdırma aparılması üçün qərar Nərimanov Rayon Polisi İdarəsinin X6 Şöbəsinə və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Nərimanov Rayon Polis İdarəsinin X6 Şöbəsinə və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32713157 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar