Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-43/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1980-ci ildən ailəsi ilə birgə Səbail rayonu, ünvan 1 ünvanda yaşayır. Yaşadığı blokun girişinin qarşısında ağacların olduğu kiçik torpaq sahəsi mövcuddur. Həmin sahədə tərəfindən ağaclar əkilmişdir. Mütəmadi olaraq həmin ağaclara qulluq etmişdir. Təxminən 1 ay bu hadisədən qabaq oradakı heyva ağacı çox hündürə qalxdığı üçün həmin ağacın qol budağını budamaq qərarına gəlmişdir. Bundan sonra qayçı ilə həmin ağacın budaqlarını budamışdır. Qərarda göstərildiyi kimi hər hansı ağacı məhv etməmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ilk başdan qeyd etdiyi kimi onlar bu binada 1980-ci ildən yaşayırlar. Sözügedən bina və onun həyətindəki torpaq sahəsi “Təqaüdçü” Kooperativinə məxsusdur. Kooperativin üzvləri olaraq bina sakinləri bu torpaq sahəsinin də paylı mülkiyyətçisi hesab olunur. Lakin inzibati orqan qərar qəbul edərkən bu məsələyə diqqət yetirməmişdir. AR İXM-nin 253-cü maddəsində göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Bundan başqa maddənin dispozisiyasında meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsindən danışılır. Lakin oradakı ağacları sadəcə budaqlarını budamışdır. Azərbaycan dilinin izahlı lüğətinə baxsaq budamaq sözünün mənası ağacların, kolların quru, xəstə və ya artıq budaqlarını kəsmək, qısalmaqdır ki, bitki daha yaxşı inkişaf etsin. Sözügedən ağaclar indi də həmin yerdədir və onlar kəsilib və ya məhv edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. AR İXM-nin digər əsas prinsiplərindən biri təqsirsizlik prezumpsiyası prinsipidir, yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə əsasən barəsində əsassız və qanunsuz qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 göstərmişdir ki, Səbail rayonu, ünvan 1 ünvanda yaşayır. Həmin ərazi “Təqaüdçü” Kooperativinə məxsusdur. Heç bir başqa orqana tabeçiliyi yoxdur. Hər hansı problem olduqda bina öz vəsaiti hesabına həll edir. 40 ildir ki, həmin həyətdə yaşayır və binadanın həyətindəki asfalt qatını çəkdirmiş, ağacları özü əkmişdir. Həyətdə mövcud olan iki ədəd (heyva və əzgil) ağaclarına qulluğu daim özü həyata keçirmişdir. Heyva ağacının budaqları çox uzandığı üçün budamışdır. Hər hansı ağac məhv edilməmişdir, sadəcə budamışdır. İkisi fərqli anlayışlardır. Ağaclar budanandan təxminən 20 gün sonra Mənzil kommunal istismar sahəsi guya həmin ərazidə təmizlik işləri aparacağını bildirmişlər. Halbuki ordakı təmizlik işləri həmişə bina sakinləri tərəfindən həyata keçirilmişdir. Daha sonra ağac kəsilməsi ilə bağlı polisdə araşdırılma aparıldığı müəyyən olundu. Lakin ağac yerindədir, kəsilməmişdir. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, Səbail Rayon Polis İdarəsinin 39-cu X5 rayonu, ünvan 1 ünvanda kəsilmiş ağaclarla bağlı ziyanın müəyyən edilməsinə dair məlumat daxil olmuşdur. Polis leytenantı X6 ilə birlikdə hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı 4 ədəd ağac və 4 ədəd kol bitkisinin məhv olduğu müəyyən olunmuşdur. Ziyan müəyyən edilmiş, lakin təqsirkar şəxsi müəyyən etməmişlər. Daha sonra polisdən təqsirkar şəxsin X2 olduğu ilə bağlı məlumat gəlmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda bir neçə şəxsin izahatı alınmışdır. Göstərilənlərə əsasən şəxsin barəsində protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən Səbail rayonu ərazisində xx.xx.2025-ci il tarixdə kök üstə yaş bioloji inkişafda olan 4 ədəd meyvə ağacının və 4 ədəd kol bitkisi kəsilərək məhv edildiyi üçün İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hadisə nəticəsində ümumilikdə 4680 (dörd min altı yüz səksən) manatdan çox olmayan ziyan dəymişdir. Belə ki, qanuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə müvafiq olaraq əmlakın dəyəri 5000 (beş min) manatdan yuxarı olmadıqda cinayət tərkibi yaratmır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X2 təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsi (götürülməsinə) və ya məhv edilməsi faktı mövcud deyil. Bu səbəbdən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X2 verdiyi şikayət təmin edilməli və 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 18 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(5-102)-43/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-43/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver