Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-47/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqıında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin işçisi X2 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəziyyəti havalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, “Məhkəmə-Tibbi Ekspertizası və X4” PHŞ-nin Səbail rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 524 saylı ekspert rəyində X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin sağ əlin İİ barmağın oynaqdaxili, İİİ və İV barmaqlarının orta falanqalarının çoxsaylı kiçik fraqmenti açıq sınıqlarının, barmaqların yumşaq toxumalarının əzilmiş yaralarının bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə iş zamanı sağ əlin İİ, İİİ, İV barmaqlarının peçenye sexindəki işlək vəziyyətdə olan aparatın dişli çarxı ilə sepi arasında qalması nəticəsində əmələ gələ bildiyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olduğu qeyd edilmişdir. “X3 haqqında” 02/2025 nömrəli aktdan görünür ki, X5 izahatında xx.xx.2025-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi 12B ünvanında yerləşən Cəmiyyətə məxsus iş yerinə gəldiyini, işçilər üçün nəzərdə tutulmuş otaqda xüsusi iş geyimlərini geyindiyini, saat 23:00-da işlərin yerinə yetirilməsinə başladığını, əmək funksiyasına uyğun olaraq cəmiyyətdə nasaz vəziyyətdə olan avadanlıqların təmir edilməsi ilə məşğul olduğunu, gün ərzində tapşırıqları yerinə yetirdiyini, xx.xx.2025-ci il tarixdə saat 07:30-da iş saatının bitdiyini, evinə yollanmaq istəyərkən baş mexanik Şəxs ona zəng edərək peçenya şöbəsində avadanlığın nasaz olduğunu və digər çilingər mexanik işə gecikdiyi üçün hamin avadanlığı təmir etməsini bildirdiyini, sonra peçenye sahəsinə gedərək avadanlıqda yaranmış nasazlığı aradan qaldırmaq üçün işə başladığını, avadanlıqda yerləşən sepin gərginliyini yoxladığını, həmin vaxt avadanlığın sönülü vəziyyətdə olduğunu, avadanlığı təmir etdikdən sonra operatordan avadanlığı işə salmasını bildirdiyini, bu zaman sağ əlinin avadanlıqda yerləşən sepin üzərində olduğunu, yuxusuz olduğu üçün saat 08:45-də anidən sağ əlinin avadanlıqda yerləşən sepin alt hissəsinə dəydiyini, bu zaman sağ əlinin fırlanan sepin arasında qaldığını, operatorun dərhal avadanlığı dayandırdığını, əlinin 40 dəqiqəyə yaxın avadanlığın içərisində qaldığını, hadisə yerinə gələn iş yoldaşlarının köməklik göstərərək əlini avadanlıqdan çıxartıqlannı, hadisə yerinə gələn SƏTƏM əməkdaşı Elnur tərəfindən xəstəxanaya aparıldığını, orada rentgen olunduğunu, daha sonra müayinə olunmaq üçün "UNİKAL - A" xəstəxanasına aparıldığını və orada əməliyyat olunduğunu qeyd etmişdir. O, izahatında yuxusuz olduğu üçün hadisənin öz ehtiyatsızlığından baş verdiyini, hadisənin baş verməsində baş mexanik Şəxs günahlandırdığını, hadisə baş verən anda işlərin təhlükəsiz yerinə yetirilməsinə Şəxs nəzarət etdiyini, lakin yanında olmadığını, işi yerinə yetirərkən işlək vəziyyətdə olan avadanlığa əl ilə təmas etməsinin yanlış olduğunu, hadisədən sonra xəstəlik vərəqəsinin açılmadığını, iş vaxtından artıq işlərin yerinə yetirilməsinə razılığının olmadığını bildirmişdir. Cəmiyyətin növbə rəisi X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə verdiyi izahatında xx.xx.2025ci il tarixdə saat 22:50-də Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi 12 B ünvanında yerləşən Cəmiyyətə məxsus iş yerinə gəldiyini, xüsusi iş geyimlərini geyindiyini, sexdə işçilərə görüləcək işlərin xüsusiyyətinə uyğun təlimat keçdiyini, sonra plana uyğun olaraq işlərin yerinə yetirilməsinə başladığını, həmin gün işçilərə nəzarət etdiyini, xx.xx.2025-ci il tarixdə saat 06:30-da "HASBORG" markalı bişirmə avadanlığında yaranmış problemlə bağlı çilingər mexanik K.Əlizadəyə məlumat verdiyini, onun saat 06:50-də əl alətlərini götürərək avadanlığın yanına gələrək təmir işlərinə başladığını, təxminən 10 dəqiqədən sonra baş mexanik Şəxs da avadanlığın yanına gəldiyini, digər işçilərə nəzarət etmək üçün özünün avadanlıqdan uzaqlaşdığını, növbənin dəyişdirilməsi ilə bağlı digər növbə rəisinə təhvil-təslim işlərini yerinə yetirdiyi zaman anidən səs eşitdiyini, araxaya çönüb baxdıqda təxminən 5-6 metr məsafədə K.Əlizadənin əlinin avadanlığın arasında qaldığını gördüyünü, baş mexanik Şəxs K.Əlizadənin əlinin avadanlıqdan çıxarılmasına cəhd etdiyini gördüyünü, hadisə yerinə gələn SƏTƏM mühənsidinin K.Əlizadəyə ilkin tibbi yardım göstərərək xəstəxanaya apardığını qeyd etmişdir. O, izahatında həmçinin, K.Əlizadənin məsuliyyətsiz davranaraq avadanlığa işlək vəziyyətdə toxunmamalı olduğunu bildiyi halda avadanlığın hərəkətli hissəsinə toxunduğunu, sahədə işçilərə özünün nəzarət etdiyini, K.Əlizadəyə isə Şəxs nəzarət etdiyini, hadisədən öncə K.Əlizadəyə işlək vəziyyətdə olan avadanlığa əl ilə müdaxilə etməsi barədə göstəriş verilmədiyini bildirmişdir. Cəmiyyətin elektrik mühəndisi Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə saat 06:55-də Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi 12 B ünvanında yerləşən Cəmiyyətə məxsus iş yerinə gəldiyini, xüsusi iş geyimlərini geyinərək iş sahəsinə yollandığını, sex rəisindən peçenye avadanlığın nasaz olması barədə məlumat aldığını, avadanlığa yaxınlaşdıqda çilingər mexanik K.Əlizadənin artıq avadanlığın yanında olduğunu, təmir işini bitirdikdən sonra K.Əlizadənin operatora avadanlığı işə salmasını bildirdiyini, avadanlığın ön hissəsinə keçərək avadanlığın işləməsinə baxdığını, avadanlığın aşağı hissəsinə baxış keçirərkən anidən K.Əlizadənin sağ əli ilə avadanlığın işlək vəziyyət olan sep hissəsinə toxundurmaq istədiyini gördüyünü, bu anda K.Əlizadəyə əlini işlək vəziyyətdə olan hissədən çəkməsi barədə xəbərdarlıq etdiyini, lakin onun bu xəbərdarlığa məhəl qoymayaraq K.Əlizadənin əlini avadanlığın işlək vəziyyətdə olan sep hissəsinə toxundurduğunu, bu zaman bədbəxt hadisənin baş verdiyini və operatora dərhal avadanlığı saxlanması barədə göstəriş verdiyini, avadanlıq dayandıqdan sonra K.Əlizadənin sağ əlini avadanlıqdan çıxartdığını, hadisə yerinə gələn SƏTƏM mühənsi tərəfindən ona ilkin tibbi yardım göstərilərək müayinə olunması üçün xəstəxanaya apardığını qeyd etmişdir. O, izahatında K.Əlizadənin ehtiyyatsız davrandığı üçün hadisənin baş verdiyini, hadisə baş verən anda işlərin təhlükəsiz yerinə yetirilməsinə özünün nəzarət etdiyini və hadisə anında orada olduğunu, təmir olunan zaman avadanlığın söndürüldüyünü, təmirdən sonra avadanlığı yoxlamaq üçün işə salındığını bildirmişdir. Cəmiyyətin baş texnoştamp operatoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə saat 06:50-də Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi 12 B ünvanında yerləşən Cəmiyyətə məxsus iş yerinə gəldiyini, xüsusi iş geyimlərini geyinərək iş sahəsinə yollandığını, ona təhkim olunmuş avadanlığa yaxınlaşdıqda baş mexanik Şəxs, çilingər mexanik K.Əlizadənin avadanlıqda təmir işlərini apardığını gördüyünü, təmir bitdikdən sonra avadanlığı işə salmağı ilə bağlı göstəriş verildiyini, avadanlığı işə saldıqdan sonra baş mexanik Şəxs çilingər mexanik K.Əlizadəyə əlini işlək vəziyyətdə olan avadanlığa vurmaması barədə göstəriş verdiyini, lakin K.Əlizadənin buna məhəl qoymayaraq işlək vəziyyətdə olan avadanlığa sağ əli ilə toxunduğunu, bu zaman bədbəxt hadisənin baş verdiyini, baş mexanik Şəxs dərhal çilingər mexanik K.Əlizadənin əlini avadanlıqdan çıxartdığını, hadisə barədə SƏTƏM şöbəsinə məlumat verildiyini, daha sonra K.Əlizadəyə ilkin tibbi yardım göstərilərək müayinə olunması üçün xəstəxanaya aparıldığını qeyd etmişdir. O, izahatında K.Əlizadənin ehtiyyatsız davrandığı üçün hadisənin baş verdiyini, işçilərə nəzarəti E.Abışovun etdiyini, mexaııiklərə nəzarəti isə Şəxs etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(5-102)-47/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-47/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver