Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-575/2026 17.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 27 fevral 2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ünvan 1 VÖEN********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 17 fevral 2026-cı il tarixli MN2464103 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3-17-5/2-5666/2026 nömrəli, xx.xx.2026-cı il tarixli, məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-yə təqdim edilməsi tələb olunmuş, lakin müvafiq sənədlər natamam təqdim olunmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt DƏMX BŞİ tərəfindən ünvanlanan sorğu məktubları və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən DƏMX BŞİ-nə ünvanlanan cavab məktubu ilə təsdiq edilir. Protokol tərtib etmiş orqana və barəsində protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndələr məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onun nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 3-17-5/2-5666/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubda vətəndaş X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək hüquqlarının pozulması barədə X3 Xidmətinə daxil olmuş müraciətinə baxıldığı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malik olduğunu, qeyd edilənləri nəzərə alaraq müraciətə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114, Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) və ya demx Elektron ünvan e-poçt ünvanına təqdim edilməsi xahiş olunmuş, həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məktuba reyestr və məktubun çatdırılmasını təsdiq edən poçt sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğunun hüquqi şəxsin ünvanına çatdırılması iş materialları ilə təsdiq edilir. Lakin sorğuya cavab verilməsi gecikdirilmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən məlumatlar sorğuların verildiyi tarixlərdən 7 iş günü keçdikdən sonra yəni xx.xx.2026-cı il tarixində təqdim olunmuşdur. Qeyd edilən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasında göstərilən (sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsi hissəsində) inzibati xəta tərkibini yaradan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mövcud halda hazır ki inzibati xəta haqqında işin obyektiv tərəfi – qanuni sorğular üzrə tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsidir; inzibati xəta haqqında işin subyektiv tərəfi – verilmiş sorğuların qanunvericinin tələbi olduğunu bilindiyi halda onların icrasının vaxtında və düzgün təmin edilməməsidir; inzibati xəta haqqında işin obyekti – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsidir; inzibati xəta haqqında işin subyekt – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun ictimai faydalı fəaliyyətlə məşğul olmasını hüquqi şəxsin əməlini yüngülləşdirən hal kimi və əməlini ağırlaşdıran halların olmadığını nəzərə alır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində yəni iki min manat məbləğində cərimə edilməsini inzibati qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən təyin edilmiş cərimənin şərti tətbiq edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) kimi aşağıdakılar göstərilmişdir. -rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələri; (40.0.1-ci maddə) -uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaları (kollegial orqan) (40.0.2-ci maddə) -müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) (40.0.3-cü maddə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilməli və həmin cərimə 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə törətdiyi hüquqpozmanı aradan qaldırılması üçün 01 (bir) ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(5-102)-575/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-575/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver