Məhkəmə qərarları › İş №3(5-102)-66/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-66/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-66/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X4, 22 noyabr 2025-ci il tarixində X7 orqanına yol nişanlarının düzgün yerləşdirilməməsi ilə bağlı rəsmi şikayət etmişdir. Həmin şikayətə cavab yalnız 16 yanvar 2026-cı il tarixində verilmişdir. Bu müddət ərzində inzibati cərimə üzrə dəbbə pulu hesablanmışdır ki, bu da şikayətçinin hərəkətlərindən deyil, inzibati orqanın gec cavab verməsi nəticəsində yaranmış gecikmə ilə bağlıdır. Cərimə tətbiq edilən ərazidə müşahidə olunmuşdur:Yolun sağ tərəfindən yalnız “Düzünə hərəkət” və “Baş yol” nişanları mövcuddur, döngənin girişində “Giriş qadağandır” nişanı yalnız yolun sol tərəfində quraşdırılmışdır, halbuki döngənin sağ tərəfində belə nişanın yerləşdirilməsi üçün kifayət qədər yer mövcuddur, asfalt örtüyündə hərəkət istiqamətini müəyyən edən düz və ya bütöv xətt mövcud deyildir. Sözügedən nişan şikayətçinin cərimələndiyi tarixdən cəmi bir gün əvvəl quraşdırılmışdır və həmir, döngədən sürücülər uzun müddətdir istifadə edirlər. Cərimə tətbiq olunduqdan sonra X4 əraziyə qayıdaraq müşahidə aparmışdır və onlarla sürücünün eyni şəkildə döngəyə daxil olmasının şahidi olmuşdur. Bu vəziyyət yol nişanlarının aydın görünmədiyini və vaxtında fərq edilmədiyini sübut edir. Şikayətçi döngəyə daxil olduqdan təxminən 80-100 metr məsafədə həm sağ, həm sol tərəfdə “Giriş qadağandır” nişanlarını görüb dərhal geri qayıtmışdır. Bu hal göstərir ki, şikayətçinin qəsdən qayda pozuntusu etmək niyyəti olmamışdır. Yol Hərəkəti haqqında Qanuna əsasən, yol nişanları hərəkət iştirakçıları üçün aydın görülən və başa düşülən formada quraşdırılmalıdır. Bu tələblər pozulduğu üçün barəsində cərimə əsassız hesab olunmalıdır. Səbail Rayon Məhkəməsinin 3(5-102)-66/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 23:46 radələrində idarə etdiyi Mercedes Benz”markalı, 90FR047 dövlət qeydiyyat nişanlı avtomobili il Bakı şəhəri Səbail rayonu, İzzət Nəbiyev küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100 ( yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.https://e-qanun.az/framework/46960 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli (EQ 32145147 protokol əsasında) inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar