Məhkəmə qərarları › İş №3(5-102)-68/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-68/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-68/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əəsgərli Lalə Cavid qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Çəmbərək rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 21 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1140/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə icra sənədi üzrə ümumilikdə 4093 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 1140/2021 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci ildən başlayaraq hər ay 150 (yüz əlli) manat pul məbləğində sabit alimenti tələbkar X4 ödəməlidir. Qeyd edilən icra sənədi üzrə Şəxs 4093 manat məbləğində borcu vardır. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbirlər görülməlidir. Zərərçəkmiş şəxs X5 izahatında və ərizəsində göstərmişdir ki, icra məmurunun göstərdiyi borc məbləğindən 1500 manat çıxılmalıdır. Çünki o, icra məmuruna borclu ilə 10 ay müddətində birgə yaşaması barədə məlumat verməmişdir. Lakin hazırki vaxtda şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədini imkanı olmadığı üçün icra edə bilməmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1140/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci ildən başlayaraq hər ay 150 (yüz əlli) manat pul məbləğində sabit alimenti tələbkar X4 ödəməlidir. Həmin aliment məbləği Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə artırılaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1140/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1140/2021 saylı icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə yaranmış 2539 (4093-1500) manat borcla bağlı ödəniş etməməsi, zərərçəkmiş şəxsin izahatına uyğun olaraq ona hər dəfə ödəniş üçün möhlət verilməsinə baxmayaraq yenidən icra sənədini icra etməməsini icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 21 yanvar 2026-cı il tarixdən saat 17:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar