Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-686/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Bakı Şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol patrul inspektoru X2 iştirakları ilə, xx xxxxxx 2008-cı ildə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7868987 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:47 radələrində Bakı şəhəri Səbail rayonu Bayraq Meydanı ərazisində “BMW 550İ minik” markalı, 77HH058 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol patrul inspektoru X3 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:47 radələrində Bakı şəhəri Səbail rayonu Bayraq Meydanı ərazisində “BMW 550İ minik” markalı, 77HH058 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq etmişdir.Bu faktlar protokola əlavə edilən video yazılarla tam sübut olunur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bayraq Meydanında avtomobil idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsindən səslərinin çıxarılması ilə nəticələnən hərəkətlər etmişdir. Əməlindən çox peşmandır, bir ay sonra hərbi xidmətə gedəcəkdir, bir daha belə hallara yol verməyəcəyinə söz verərək, yaşının nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatları, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “BMW 550İ minik” markalı, 77HH058 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi hərəkətləri eyni zamanda avtomobil ilə öz ətafında çoxsaylı dövrələr etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran halın olmamasını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Beləliklə məhkəmə qeyd edir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yol səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yol səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün real təhlükə yaradır, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına risk formalaşdırır və yol hərəkəti qaydalarına açıq hörmətsizlik kimi qiymətləndirilir. Qanunverici tərəfindən belə hərəkətlərin ayrıca inzibati xəta kimi müəyyən edilməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və sürücülər arasında hüquqazidd davranışların qarşısının alınması məqsədi daşıyır. İş materiallarında olan video görüntülərdən də görünür ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə qəsdən avtomobili qəflətən sürətləndirməklə təkərlərin yol səthi ilə sürtünməsi nəticəsində səslər çıxarmış və avtomobil ilə öz ətrafında dövrələr etmişdir. Bu cür hərəkətlər sürücünün nəqliyyat vasitəsini təhlükəli şəkildə idarə etməsini göstərməklə yanaşı, yol hərəkəti qaydalarına riayət edilməsinə qarşı etinasız münasibətin təzahürü kimi qiymətləndirilməlidir. Məhkəmə inzibati tənbeh növünü müəyyən edərkən işin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun əməlini etiraf etməsini və səmimi peşmanlığını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün onun barəsində inzibati həbs tətbiq edilməsinə zərurət yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ədalətli və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(5-102)-686/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-686/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver