Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-7/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 449.1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14000-03424/25 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********4794 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Goldhofer” markalı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək xx.xx.2025-ci il tarixinə kimi Qazaxıstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. xx.xx.2025-ci il tarixdə başa çatmasına baxmayaraq Şəxs tərəfindən nəqliyyat vasitəsi həmin tarixə qədər geri qaytarılmamış, həmçinin müddətin uzadılması üçün müraciət edilməmişdir. Nəqliyyat vasitəsi xx.xx.2025ci il tarixdə ‘‘Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçərək 9 ay 2 gün müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmışdır. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxıl olmuş daxil olmuş 3-33-3300/012/005646 nömrəli, 22 dekabr 2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Şəxs tərəfindən **********4794 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti ixrac müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş DGK “VAİS”-dən çıxarışdan müəyyən olunur ki, “Alfalog" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi xx.xx.2025ci il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçərək üç aydan bır ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, **********4794 sorğu nömrəli gömrük bəyannaməsinin 42-ci qrafasında qeyd olunmuşdur ki, malın invoys dəyəri 5000 Avro (1 avro-1.8488), yəni 9244 AZN təşkil edir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “Alfalog" MMC tərəfindən **********4794 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac xüsus gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi" (VAİS) informasiya resursundan əldə olunmuş çıxarışlardan görünür ki, “Alfalog" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçərək gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4794 sorğu nömrəli gömrük bəyannaməsinin 42-ci qrafasında aydın olur ki, malın invoys dəyəri 5000 Avro-dur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.4-cü maddəsinə əsasən üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə toplanmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, müvəqqəti ixrac xüsusi gömrük proseduru çərçivəsində hüquqi şəxs tərəfindən üzərinə götürülmüş öhdəlik konkret müddətlə məhdudlaşdığı halda həmin müddətə əməl olunmamış, nəqliyyat vasitəsinin vaxtında geri qaytarılmaması üçün hər hansı hüquqi əsas və ya üzrlü səbəb təqdim edilməmişdir; bu davranış gömrük qanunvericiliyinin imperativ tələblərinə zidd olmaqla yanaşı, hüquqi şəxsin öz fəaliyyətini lazımi nəzarət və ehtiyatlılıqla təşkil etmədiyini göstərir və nəticə etibarilə üç aydan bir ilədək gecikmənin baş verməsi faktı inzibati məsuliyyətin yaranması üçün kifayət edən hüquqi əsas kimi qiymətləndirilməlidir. Müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, **********4794 sorğu nömrəli gömrük bəyannaməsi əsasında “Goldhofer” markalı, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. Həmin müddət xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Nəqliyyat vasitəsinin yalnız xx.xx.2025-ci il tarixdə, yəni müəyyən olunmuş müddətin bitməsindən 9 ay 2 gün sonra, “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması faktı iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən müvəqqəti ixrac xüsusi gömrük prosedurunun tələbləri pozulmuş, yəni müvəqqəti ixrac edilmiş nəqliyyat vasitəsi üç aydan bir ilədək müddətə gecikdirilməklə geri qaytarılmışdır ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv əlamətlərini təşkil edir. İş materiallarında Şəxs MMC-ni inzibati məsuliyyətdən azad edən və ya onun təqsirini istisna edən hallar müəyyən edilməmişdir. Hüquqi şəxs və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməsələr də, bu hal iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə mane olmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublika Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəlləsinin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024- cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş "bir ildən artıq müddətə gecikdirilməklə" müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə onu da nəzərə alır ki, Şəxs MMC hüquqi şəxs kimi gömrük qanunvericiliyinin tələblərini bilməli və onlara əməl etməli olduğu halda, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu isə onun təqsirinin ehtiyatsızlıq formasında ifadə olunduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən halların məcmusuna əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və xətanın bilavasitə obyekti olmuş malların dəyərinin 20 faizi həcmində inzibati cərimənin tətbiq edilməsi törədilmiş xətanın xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və inzibati tənbehin məqsədlərinə uyğun, ədalətli və mütənasib hesab olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş, 5000 (beş min) avronun 20% məbləğində, yəni 1000 (min) avro (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(5-102)-7/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-7/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver