Məhkəmə qərarları › İş №3(5-102)-719/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-719/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-719/2026 16.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 mart 2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəməyə daxil olmuş Şəxs MMC barəsində tərtib edilən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Qeyd edilən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2026-cı il tarixli Şəxs MMC-nin direktoru tərəfindən verilmiş etibarnamədən görünür ki, Şəxs MMC-yə məxsus X4 LC300 markalı 77PB717 dövlət nömrə nişanlı avto nəqliyyat vasitəsini X2 tərəfindən idarə etmək üçün etibar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi aşağıdakı mütləq şərtlər daxilində formalaşır: -Əsaslandırılmış sorğu mövcud olmalı—bu səlahiyyətli orqanın qanunvericiliyə uyğun formada göndərilmiş və qəbul edilmiş sorğusu olmalı - Sorğu hüquqi şəxsə və ya vəzifəli şəxsə təqdim edilməli və qəbul edilməsi rəsmi qaydada təqdim edilməli (məsələn, poçt qəbzi, elektron kabinetdə oxundu bildirişi və s.). -Sorğu rəsmi qaydada təqdim edildikdən sonra 5 gün ərzində tələb olunan məlumat (avtomobili idarə edən şəxs barədə) verilməzsə, yaxud qəsdən yanlış və ya natamam məlumat verilsə, yaxud heç bir əsas göstərilmədən cavab verilməsə Hazırkı iş üzrə əsas hüquqi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, inzibati məsuliyyətin yaranması üçün zəruri olan əsas şərtlərdən biri səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğu məktubunun hüquqi şəxsə rəsmi qaydada təqdim edilməsi faktı iş materialları ilə təsdiq olunmur. Belə ki, iş materiallarında Şəxs MMC-yə ünvanlanmış sorğu məktubu, onun göndərilməsini və ya qəbul edilməsini təsdiq edən hər hansı sənəd (poçt qəbzi, çatdırılma bildirişi, elektron sistem üzrə oxundu barədə məlumat və s.) mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün sorğunun mövcudluğu və onun hüquqi şəxsə rəsmi qaydada çatdırılması ilkin və məcburi şərtdir. Sorğu hüquqi şəxsə təqdim edilmədiyi və ya təqdim olunması sübuta yetirilmədiyi halda, həmin hüquqi şəxsin 5 gün müddətində məlumat vermək öhdəliyi də yaranmır. Bu baxımdan, sorğunun təqdim olunması faktı sübut edilmədən hüquqi şəxsin məlumat verməməsi kimi qiymətləndirilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraat zamanı sübutetmə yükü inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Lakin hazırkı işdə həmin orqan tərəfindən sorğu məktubunun mövcudluğu və onun Şəxs MMC-yə təqdim edilməsi ilə bağlı heç bir mötəbər və yol verilən sübut təqdim edilməmişdir. Bu isə inzibati xəta tərkibinin əsas elementlərindən birinin sübuta yetirilməməsi deməkdir. Bundan əlavə, sorğu məktubunun hüquqi şəxsə təqdim olunmaması və ya bu halın sübuta yetirilməməsi hüquqi şəxsin təqsirini də istisna edir. Belə ki, hüquqi şəxs yalnız ona rəsmi qaydada təqdim edilmiş sorğuya cavab vermədiyi halda məsuliyyət daşıya bilər. Sorğudan xəbərdar olmayan hüquqi şəxsin məlumat verməməsi hüquqi baxımdan mümkün deyildir. Məhkəmə qeyd edir ki əgər qeyd edilən şərtlərdən hər hansı biri yoxdursa, inzibati xəta tərkibi yaranmamış sayılır və şəxs məsuliyyətə cəlb edilə bilməz Şəxs MMC-nə qeyd edilən sorğu məktubu rəsmi qaydada verilmədiyi üçün Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi yarana bilməz Odur ki məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 105, 114, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim:Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar