Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-72/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, AZ1095, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 09 yanvar 2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/010886 nömrəli xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan "Forma 3.9.2.1" elektron hesabat sistemindən xx.xx.2025-ci il tarixində alınmış məlumata əsasən "X3 Azərbaycan" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 7313 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs "X3 Azərbaycan" MMC-nin ünvanına "Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair" 00100/134 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs "X3 Azərbaycan" MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "VELLBORE İNTEGRİTY Service LLC şirkəti ilə bağlanılmış 24-PC-15/01/24-WİS2401 nömrəli xx.xx.2024-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2024cü il tarixli **********2856 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7313 (yeddi min üç yüz on üç) ABS dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində milli valyutaya nisbətdə 12432.1 (on iki min dörd yüz otuz iki manat on qəpik) manat təşkil edən 7313 (yeddi min üç yüz on üç) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş üzrə "X3 Azərbaycan" MMC-nin etibarnamə üzrə nümayəndəsi və satınalma şöbəsinin müdiri X4 izahatı alınmışdır. X6 izahatında bildirmişdir ki, 2024-cü ilin iyul ayında WİS-AZE-20xx/xx-0001 nömrəli xx.xx.2024 cü il tarixli invoysda qeyd olunan 7313 ABŞ dolları dəyərində Qaynaq stolu NMH-500C WELDER- Bərkitmə açarı ilə birlikdə bezləri "X3 Azərbaycan" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********2856 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək xx.xx.2024-cü il tarixdə buraxılaraq ixrac gömrük proseduru ilə rəsmiləşdirilmiş və mal Rusiya Federasiyasının Astraxan şəhərində fəaliyyət göstərən "Vellbore İntegrity Service LLC" şirkətinə ixrac olunmuşdur. İxrac olunan malların dəyəri, yəni 7313 ABŞ dolları məbləğində valyuta vəsaitinin "Vellbore İntegrity Service LLC" şirkəti tərəfindən bizim müvəkkil bank olan Bank Respublikadakı AZE 15BRES38110RU**********049 nömrəli rubl hesabına iki dəfə köçürülməsinə cəhd edilsədə, Bank Respublika tərəfindən inyosda qeyd olunan malların beynəlxalq sanksiya rejimi baxımından yüksək riskli hesab olunması əsası ilə köçürülməni qəbul etməkdən imtina etmişdir. Həmçinin Bank köçürmənin özü üçün də riskli olduğunu bildirmişdir. "Vellbore İntegrity Service LLC" tərəfindən digər üsullarla (nağd və s.) köçürmə həyata keçirilmədiyindən bu günə kimi ixrac olunan malların dəyəri, yəni 7313 ABŞ dolları məbləğində valyuta vəsaiti “X3 Azərbaycan" MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankı olan Bank Respublikanın hesabına köçməmişdir. Buna baxmayaraq “Vellbore İntegrity Service LLC"-yə ixrac olunan malların dəyəri, yəni 7313 ABŞ dolları məbləğində valyuta vəsaiti həmin şirkətlə "X3 Azərbaycan" MMC arasında əvəzləşmə müqaviləsi ilə əvəzlənərək ödənilmişdir. "X3 Azərbaycan" MMC-nin etibarnamə üzrə nümayəndəsi və satınalma şöbəsinin müdiri X4 izahatında göstərdiyi halların aydınlaşdırılması məqsədilə Bank Respublika ASC-nə sorğu ilə müraciət edilmiş, Bankdan daxil olan 22 dekabr 2025-ci il tarixli 6114 nömrəli cavab məktubuna əsasən Bank Respublika ASC tərəfindən müvafiq cavab verilmişdir (məktub əlavə olunur). Nəticədə, Şəxs MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən ixrac edilmiş malların qarşılığında pul göndərilməməsi bank tərəfindən yaranmış problem çərçivəsində və Rusiya Federasiyasına qarşı tətbiq edilən iqtisadi sanksiyalar zəminində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, **********2856 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdikləri malların müqabilində 7313 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 22 dekabr 2025-ci il tarixli, 6114 nömrəli cavab məktubundan görünür ki, bank ABŞ sanksiyalarının tələblərinin, sanksiya komplayens proqramına və risk-əsaslı yanaşmaya uyğun olaraq araşdırma nəticəsində bank tərəfindən şirkətin müvafiq əməliyyatı yüksək riskli hesab olunmuş və icrası uyğun olmadığı müştəriyə bildirilmişdir. Şirkətə sanksiya riskləri, əməliyyatın yüksək riskli olması barədə məlumat verildikdən sonra qeyd olunan vəsait geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmçinin "Vellbore İntegrity Service LLC" tərəfindən digər üsullarla (nağd və s.) köçürmə həyata keçirilmədiyindən bu günə kimi ixrac olunan malların dəyəri, yəni 7313 ABŞ dolları məbləğində valyuta vəsaiti “X3 Azərbaycan" MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankı olan Bank Respublikanın hesabına köçməmişdir. Buna baxmayaraq Vellbore İntegrity Service LLC"yə ixrac olunan malların dəyəri, yəni 7313 ABŞ dolları məbləğində valyuta vəsaiti həmin şirkətlə "X3 Azərbaycan" MMC arasında əvəzləşmə müqaviləsi ilə əvəzlənərək ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarının: 1-ci bəndinə əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997- ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin "əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər. 8-ci maddəsinin 1-ci bəndinə əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur. X8 hissəsində cari valyuta əməliyyatlarına malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi də aiddir və resident dedikdə, həmçinin Azərbaycan Respublikasında qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslər başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın: 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 7313 (yeddi min üç yüz on üç) ABŞ dolları məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 2 193 (iki min yüz doxsan üç) ABŞ dolları, 90 (doxsan) sent, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq 3729.63 (üç min yeddi yüz iyirmi doqquz manat altmış üç qəpik) Azərbaycan manatı məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(5-102)-72/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-72/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver