Məhkəmə qərarları › İş №3(5-102)-793/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(5-102)-793/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-102)-793/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi, X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olan, subay, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məh.4090/94. ev 5, mənzil 30 qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Səbail RPİ-nin 41-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Bakı Şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə rəisi, X3 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayonu Badamdar şossesində Şəxs mübahisə edərək polisin iş fəaliyyətini pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə gecə saat 02 radələrində Badamdar yolu istiqamətində olarkən dostu ilə qarşılaşmış və onunla salamlaşmışdır. Həmin vaxt dostu Toğrul Abbasov idarə etdiyi nəqliyyat vasitəsini düzgün idarə etmədiyi üçün yol-nəqliyyat hadisəsi törətmişdir. O, hadisə yerinə yaxınlaşdıqda polis əməkdaşları ilə dostu Toğrul Abbasov arasında mübahisə baş verdiyini görmüşdür. Polis əməkdaşları dostunu xidməti avtomobilə apararkən buna mane olmağa çalışdığını etiraf etmiş, lakin ictimai qaydanı pozan hərəkətlərə yol vermədiyini və nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Məhkəmədən iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə rəisi X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə gecə saatlarında ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq inzibati xəta törətmişdir. O, məhkəmədən iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə gecə saatlarında Badamdar yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində olmuşdur. Həmin vaxt qəza törətmiş dostu Toğrul Abbasov polis əməkdaşları ilə mübahisə edərkən Şəxs da həmin mübahisəyə qoşulmuş, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmağa çalışmış və dostunun polis əməkdaşları tərəfindən şöbəyə aparılmasına maneə törətmişdir. Şahid qeyd etmişdir ki, Şəxs ictimai qaydanı pozan nalayiq ifadələr işlətməsinin şahidi olmamış, lakin onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törətdiyini müşahidə etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2026-cı il tarixdə saat 02:45-də inzibati qaydada tutulmuşdur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “xırda xuliqanlıq” inzibati xəta əməli yoxdur. Belə ki, şəxsin ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, yalnız ictimai qaydanı pozmaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddə ilə təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində xırda xuliqanlıq inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən şəxs ziddiyyətli və əhatəli olmayan izahat verməklə dəqiqliklə şəxsin hansı hərəkəti törətməsini, hansı söyüşü söydüyünü qeyd edə bilməmiş, hətta Şəxs tərəfindən belə hallara yol verilmədiyi bildirmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, protokola əlavə olunmuş sənədlər, şahid ifadəsi, eləcə də iş materiallarında olan məhkəmə iclasında tədqiq olunan digər sübutlarla tam sübuta yetirilir. Şəxs qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı polisin iltizamını qəbul edib imzalamasına baxmayaraq həmin hərəkətləri davam etdirməklə polisin qanuni tələblərinə tabe olmama inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxsin barəsində yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, cərimə tənbeh tədbirinin tətbiqi kifayət hesab edilmədiyindən Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun tənbeh edilməsinin labüdlüyünü və barəsində müəyyən edilmiş yüngülləşdirici halı nəzərə alaraq məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 mart 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal və məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu 10 mart 2026-cı il tarixdən saat 02:45-dən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 mart 2026-cı il tarixdən saat 02:45dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar