Məhkəmə qərarları › İş №3(5-103)-103/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-103/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-103/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yerləşən 82 nömrəli mənzildə yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsində xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələbinə qəsdən tabe olmamışdır (Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsi, maddə 535.1). Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əməlindən peşmandır və məhkəmə tərəfindən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı X5 ifadəsində bildirdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xidmət apararkən bir nəfərin binanın qarşısında yüksək səslə nalayiq ifadələr işlədərək telefonla danışdığını müşahidə etmiş, ona yaxınlaşaraq özünü təqdim etməsini bildirmişdir. Daha sonra onu şöbəyə dəvət etmiş, lakin həmin şəxs onun tələbinə tabe olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə məhkəmə icraatı materiallarına əlavə edilməklə bilavasitə məhkəmə iclasında tədqiq edilən: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Nəbi Məmədov və həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Yaşar Rizayev tərəfindən həmin şöbənin rəisi polis polkovnik-leytenantı Samir Çobanova ünvanlanmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 17:00 radələrində ərazidə baş verən mənzil oğurluğu ilə bağlı xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən yaşayış binasının qarşısındakı küçədə bir nəfər şəxsin insanların sıx olduğu yerdə davamlı olaraq telefon ilə yüksək səslə danışdığını və nalayiq ifadələr işlətdiyini görüb, yaxınlaşıb özlərini təqdim edərək ondan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuş və özünü təqdim etməsini bildirərək, küçədə yüksək səslə danışmamasını və nalayiq ifadələr istifadə etməməsini bildirsələr də, həmin şəxs onların qanuni tələbinə məhəl qoymayaraq, tabesizlik göstərərək, qeyri-adekvat hərəkətlərini və əməllərini davam etdirmişdir. Daha sonra həmin şəxsi Polis Şöbəsinə dəvət edən zaman onlardan qaçaraq tabesizlik göstərsə də, şəxsi saxlayaraq 32-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1989-cu il təvəllüdlü, əvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş Şəxs olması məlum olmuşdur. Odur ki, həmin şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Samir Çobanova ünvanlanmış izahatdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvanın həyətində olarkən telefonla yüksək səslə nalayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etmiş, ondan sənəd tələb etmişlər. Lakin, əsəbi olduğu üçün polislər ilə mübahisə etmiş, onu polis şöbəsinə dəvət etsələr də, tabesizlik göstərmiş və qaçmağa çalışmışdır. Buna baxmayaraq, polis əməkdaşları onu saxlayaraq şöbəyə gətirmişlər. xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu fakt şəxsin izahatı ilə təsdiq edilmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, ******* nömrəli protokolun və digər materialların aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 43.3-cü maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsi ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs şəxsiyyətini, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Yuxarıda sadalanan hallar hazırki iş üzrə yoxlanılmış, inzibati xəta hadisənin mövcud olması, inzibati xətanın Şəxs tərəfindən törədilməsi, onun bu əməldə təqsirkar olması, inzibati icraatı rədd edən halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla və məhkəmə iclasında tərəfləri dindirməklə öz daxili inamına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinin dispozisiyası döyməyə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində seçilmiş inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri olan inzibati qaydada tutma tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində seçilmiş inzibati qaydada tutma tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar